Türkiyədə baş vermiş zəlzələ nəticəsində Azərbaycan ilk yardım edən ölkə olub. Həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq humanitar yardım davam edir.
Azərbaycanın Türkiyəyə göstərdiyi yardım barədə deputat Rüfət Quliyev faktmedia.az-a danışarkən bildirib ki, Azərbaycan əlindən gələni edir və edəcək:
"Mən düşünürəm ki, biz qardaş ölkəyə əlimizdən gələni edirik. Aldığım məlumata görə, dünən səhərə qədər humanitar yardımla, mütəxəssislərlə birlikdə 7 dolu təyyarə göndərilib. Nəqliyyatla da köməklik gedir. Azərbaycan ianə ilə də yardım göstərir. Çox insanlar, o cümlədən, millət vəkillərimiz də ianə toplanmasında aktiv formada iştirak edir. Ölkə başçımızın tapşırığına əsasən yaralılara FHN in orada yaradılmış xüsusi hospitallarında köməklik göstərilir. Eyni zamanda yaralılara tibbi yardım göstərilməsi üçün Azərbaycana da gətiriləcək. Azərbaycan əlindən gələni edir. Düzdür, dağıntılar, tələfat çoxdur, amma onu da qeyd edim ki, qardaş ölkəyə Azərbaycandan əlavə 60-dan çox digər ölkələrdən də yardımlar gəlir".
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 873-ə çatıb. Zəlzələ zamanı yaralananların sayı isə 62 937-ə yüksəlib.
Rəna Həsənova