"Millət vəkili Fazil Mustafaya qarşı törədilmiş mütəşəkkil cinayət əməli öz mahiyyəti etibarilə terror aktıdır. Onun konkret təşkilatçısı, təşkilatçıları, icraçısı var".
Bunu Faktmedia.az-a deputat Elman Nəsirov deyib. Deputat bildirib ki, eyni zamanda, DTX-nin yaydığı bəyanatda artıq məlum hadisə terror aktı kimi qiymətləndirilmiş və cinayət məcəlləsinin 277 və 228-ci maddələri üzrə cinayət işi açılıb:
"İndi heç şübhəsiz sual yaranır ki, bu kimə lazımdır, niyə məhz indi, niyə məhz millət vəkili?. Əvvəla, terror aktı kimi qiymətləndirildisə, ilk növbədə onun siyasi motivli olması məsələsi gündəmə gəlir, siyasi motiv önə keçir. Dövlət xadimi, ictimai xadimi qətlə yetirmək dövlətə, dövlətçiliyə qarşı təhdiddir və arxasında uzağa gedən niyyətlər dayanır. Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətə vahimə hissi aşılamaq əsas hədəflərdən biridir. Hələ konkret cinayətkarlar üzə çıxarılmayıb. Bunun tezliklə baş verəcəyinə inanırıq. Azərbaycan hüquq-mühafizə orqanlarının, Dövlət Təhlükəsizlik Xidmətinin potensialına, gücünə, bacarığına söykənərək mən bu fikirləri söyləyirəm".
Elman Nəsirov əlavə edib ki, yaxın zamanlarda cinayətkarlar üzə çıxarıldıqdan və həbs edildikdən sonra bütün həqiqətlər üzə çıxacaq:
"O zaman daha dəqiq, düzgün məlumat vermək mümkün olacaq. Hələ ki, biz versiyalar üzərində düşünürük. Sosial şəbəkələrdə, mətbuatda ayrı- ayrı ölkələri adı çəkilir. Amma mənə elə gəlir ki, hələ tələsmək lazım deyil. Bizim müvafiq qurumlarımızın bu istiqamətdə araşdırmaları və onun nəticələri ilə tanış olduqdan sonra artıq dəqiq, dürüst qiymətləndirmələr və analizlər aparmaq olar".
Rəna Həsənova