"Türkiyədə keçiriləcək seçkilərin Azərbaycana bu və ya digər şəkildə təsiri ola bilər. Təbii ki, Ərdoğan qələbə çalarsa, Azərbaycanla Türkiyə arasında olan münasibətlər əvvəlki qaydada davam edəcək".
Bunu Faktmedia.az-a deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, əgər seçkilərdə başqa nəticə, hakimiyyət dəyişikliyi olarsa, yenə də Azərbaycan üçün heç bir təhlükə olduğunu görmürəm:
"Biz yenə də qardaş ölkəyik. Bunu hakimiyyətdə olan, hakimiyyətə can atan qüvvələr də bilir. Azərbaycan Türkiyə ilə qardaşlığını davam etdirəcək. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi var. Hakimiyyətdə kim olursa olsun, heç bir halda bu bəyannamədən imtina etməyəcək. Hal-hazırda Türkiyədə zəlzələnin baş verməsi və bəzi iqtisadi problemlər yaranıb. Bu baxımdan yeni qüvvə daha çox ölkə daxilində öz nüfuzunu artırmağa, insanlarla daha yaxından işləməyə fikir verdiyindən Azərbaycan bir az diqqətdən kənarda qala bilər.Amma mən inanmıram ki, bu diqqətdən kənarda qalma hər hansı bir halda Azərbaycanın bu regionda yaratdığı geopolitik reallığın dəyişməsinə gətirib çıxara bilsin, yaxud da Türkiyə bu reallığa göz yumsun. Digər halda isə, Azərbaycanın özünün güclü ordusu, müttəfiqləri var. Azərbaycan güclü dövlətdir. Əlavə olaraq deyim ki, Ərdoğan yeni bir Türkiyə yaratmağa nail oldu və Türkiyəni güclü dövlətlər sırasına qata bildi. Türkiyə xalqı bunu bilir və qiymətləndirir. Seçki zamanı seçki qutularına yaxınlaşan seçicilər də bu reallıqları yəqin ki, nəzərə alacaq".
Deputat Ərdoğanın yenidən seçiləcəyini düşünür:
"Türkiyədə iqtisadi çətinliklər yaranıb və bu digər qüvvələr tərəfindən cənab Ərdoğana qarşı istifadə olunur. Əslində ümumilikdə götürsək, bütün dünyada iqtisadi problemlər var, bahalaşma gedir. Rusiya-Ukrayna müharibəsi nəticəsində bütün dünyanın düzəni dəyişib. Bütün bunlara Ərdoğanın yaxud da Türkiyədə hakimiyyətdə kim olacaqsa, təsir etmə imkanları yoxdur. Yəqin ki, bu faktlar seçicilər tərəfindən nəzərə alınar. Hər halda biz Türkiyə xalqının seçiminə hörmətlə yanaşırıq".
Rəna Həsənova