"İranın Azərbaycan sərhəddinə ağır texnika yerləşdirməsi və Azərbaycanı hədəf kimi göstərməsi, əslində İranın 1991-ci ildən Azərbaycana qarşı həyata keçirdiyi siyasətin davamıdır. 8 may 1992- ci ildə Şuşanın ermənilərə verilməsi prossesində iştirakçılıq siyasətidir: 30 il ərzində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən mülklərin, evlərin sökülərək, dağıdılaraq İrana və oradan Şimali Afrika, Cənub-Şərqi Asiyaya inşaat materialları adı altında ixrac edilməsi siyasətinin davamıdır".
Bunu Faktmedia.az-a deputat Hikmət Babaoğlu İranın Azərbaycanla sərhəd ərazilərinə ağır texnikaların yerləşdirməsinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, İranın bu addımları Gorus-Qafan yolundan qeyri-qanuni yardım, silah-sursat və terrorçular göndərməsi siyasətini yürüdür:
"2001-ci ildə Azərbaycanın Xəzər dənizi üzərindən hava sərhədlərini pozması siyasətinin davamıdır; İranın Azərbaycan ərazisinə narkotiklər göndərməklə, Azərbaycana qarşı tiryək müharibəsi aparmasının davamıdır; Azərbaycana din adı altında fars şovinizmi ixrac etmə siyasətinin davam etdirir. Bir sözlə, bu siyahını bir az da uzatmaq olar. Burada təəccüblü heç nə yoxdur. Bu bizim tarix boyu tanıdığımız, bildiyimiz İrandır. Lakin, müharibə şəraitinin yaranması ehtimalı hələ ki, yoxdur. Azərbaycan güclü Orduya malikdir. Azərbaycanın çoxsaylı etibarlı tərəfdaşları var. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanıb. Bu bəyannamə iki qardaş ölkənin birinin təklükəsizliyi təhdid edildiyi zaman, digərinin də təhlükəsizliyinin təhdid edildiyi kimi qəbul edilməsinin hüquqi əsaslarını yaradıb"
Deputat əlavə edib ki, Beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzu kifayət qədərdir:
"İran Azərbaycan ərazilərinə hücum etməyə cəsarət edə bilməz. İran ordusunun və İran əhalisinin çox hissəsi Azərbaycanlılardır. İran dolayı yollarla, Ermənistan ərazisi vasitəsilə Azərbaycana qarşı müharibə və yaxud mümkün təxribatlarda iştirak edə bilərmi sualına cavab olaraq deya bilərəm ki, əlbəttə edə bilər. Necə ki, birinci Qarabağ savaşında da Qasım Süleymani başda olmaqla inqilab keşikçiləri, SEPAH dedikləri təşkilatla Azərbaycana qarşı vuruşub, Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edib. Bu gün gözümüzün qabağında 29 nəfər həmin SEPAH üzvləri təşkilatçı qismində Qarabağa daxil olub və orada erməni separatçılarına hərbi təlimlər keçməklə məşğuldur. Əvvəlindən bəri İran bu müharibənin içərisindədir. İndi daha aqressiv formada lokal ərazilərdə terrorçular yerləşdirməklə bizə qarşı savaşlar apara bilər. Amma İranın birbaşa Azərbaycan ərazisinə hücum etmə ehtimalı mümkün görünmür".
Rəna Həsənova