"Azərbaycan hava məkanı sərhəd xəttinin İranın qırıcı təyyarələri tərəfindən pozulması cəhdi gözlənilən idi. İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı mövqeyi bəllidir. Kulminasiya nöqtəsi isə, Azərbaycan səfirliyinə qarşı dövlət səviyyəsində törədilən terror aktı oldu".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bəzi görüşlərdə İranın XİN-nin, dini liderlərinin, prezidentinin bəyanatları, qırıcı təyyarələrinin Azərbaycan hava məkanını pozmaq cəhdi qeyri-hüquqidir:
"Bu birinci hal deyil. 2000-ci illərin əvvəllərindən İran qırıcıları bir neçə dəfə Azərbaycan hava məkanını pozmağa cəhd edib. Bununla bağlı Azərbaycan bir neçə dəfə İranın XİN-ə, Azərbaycanda olan səfirliyinə nota təqdim edib. Qardaş Türkiyənin qırıcı təyyarələri Azərbaycana dəstək nümayiş etdirərək Azərbaycanın hava məkanında müsbət hava uçuşları keçirib. Bu İrana bir siqnal idi. Artıq Bakı forumu öz işini başa çatdırıb. Həmin forumda İsrailin baş naziri media işçilərinə çox gözəl müsahibə vermişdi. Həmin müsahibədə dost ölkənin baş nazirinin jurnalistlərə cavabı bu olmuşdu ki, İran Azərbaycana qarşı öz hərəkətlərini ölçüb-biçməlidir. İran başa düşməlidir ki, bizim güclü müttəfiqlərimiz var. Azərbaycan İranın qeyri- obyektiv başa düşdüyü kimi gücsüz dövlət deyil. Azərbaycan NATO səviyyəsində müasir orduya malik güclü bir dövlətdir. İranın Azərbaycana qarşı hər hansı bir təcavüzünün heç bir perspektivi yoxdur və layiqli cavabını alacaq. İran regionda hər zaman təhdidlə hərəkət edib. Xəzəryanı dövlətlərin Xəzərin hövzəsinin bölgüsündən öncə sülh müqaviləsindən əvvəl də İran Türkmənistan qazının Azərbaycan ərazisindən Avropaya ötürülməsinə qarşı çıxmışdı. Bu bəyanat Rusiya ilə müştərək olmuşdu. Azərbaycan bütün bunlara məhəl qoymadı. Azərbaycan regionda Avropanın enerji təhlükəsizliyini təmin edən güclü bir dövlətdir. Avropaya qaz, neft təminatını davam etdirir. Yaxın zamanda "Yaşıl enerji" ilə əlaqədar təminatlar da olacaqdır".
Rəna Həsənova