"Xocalı faciəsi bəşəriyyət tarixində törədilən ən qəddar cinayətlərdən biridir. Əslində, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin növbəti mərhələsidir. Erməni faşizmi Azərbaycana qarşı törətdiyi bir faciəni unutdurmaq üçün ondan daha böyük bir faciə düşünübdür. Ermənilərin Qafqaza gəlişindən bəri belə faciələr ardıcıl olaraq davam etdirilib".
Bunu Faktmedia.az-a millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, 1903, 1905, 1918 və nəhayət 1992-ci illərdə törədilən faciələrin içərisində ən dəhşətlisi Xocalı faciəsidir:
"Xocalı soyqırımı Azərbaycan tarixinə böyük bir faciə kimi yazıldı. Azərbaycan böyük xalqdır. O, bu faciəni unutmadı. İllərlə öz dövlətini, ordusunu gücləndirdi və bizə qarşı bu cinayəti törədənlərə tarixi bir dərs verdi. Əlbəttə ki, bu soyqırıma qədər Ağdaban, Daşaltı, Malıbəyli faciələri olmuşdu. Bu gün də Azərbaycan xalqı öz tarixi yaddaşında Xocalı faciəsini milli faciələrimizin simvolu kimi yaşadır. Onu xatırlamaq üçün Bakı şəhərində abidə ucaldılıb. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, ermənilərin bizə qarşı törətdikləri cinayətin cavabını verdik. Biz gələcəkdə Ermənistanla sülh müqaviləsi imzalaya bilərik, amma Xocalı faciəsini əsla unutmayacağıq!. Mən düşünürəm ki, bu Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi yox, həm də milli birlik simvolu kimi qaldı. Milli məqsədlərə çatmaq üçün gələcək nəsillərdə Xocalı ilə, milli tarixi yaddaşla bağlı obyektiv təsəvvürlər yaratmaq üçün bu faciə daim canlı tutulmalıdır. Bundan sonra da Azərbaycana qarşı belə cinayətlərin törədilməsinə yol verməməliyik. Bunun üçün bizə güclü dövlət, güclü ordu lazımdır və biz bu gün bu güclü dövləti, güclü ordunu görürük. Ölkəmizin qüdrətli olması üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir".
Rəna Həsənova