"Dünən işə düzəlmək üçün sağlamlıq arayışı alan bir nəfərin döş qəfəsini müayinə etdim. Xarici görünüşündən-habitusundan da xəstə olduğu hiss edilirdi, ürək kölgəliyi böyüyüb, ağciyər dövranında da durğunluq görünür, sual etdim ki, təngnəfəs olursuzmu? Gizlədərək çox olmuram dedi".
Faktmedia.az xəbər verir ki, bunu tanınmış radioloq Aydın Əliyev feysbuk hesabında yazıb
"Mən:ürəyinizdə problem var, əlavə müayinələrdən keçərək diaqnozu dəqiqləşdirib müalicə tədbirləri görməlisiniz deyərkən adam: həkim onları sonra edərəm amma mən indi işləməliyəm, xahiş edirəm xəstəliyimi yazmayın, çox ehtiyacım var dedi. Mən bunu edə bilməyəcəyimi, əgər etsəm bunun ciddi həkim məsuliyyətsizliyi və hətta cinayət olduğunu izah etməyə çalışdıqca adamın gözlərindəki məyusluq və kədər açıq hiss edilməyə başladı. Mən bu işə düzəlib nə qədər məvacib alacaqsınız soruşdum? Təqribən 380 azn dedi. Bu kasıb, xəstəliyi onun ölümünə səbəb ola biləcəyinə rəğmən xəstəliyini gizlədərək yanında gələn məsum üzlü yeniyetmə oğlunun ehtiyaclarını ödəmək üçün işləmək məcburiyyətində olan adamın gözlərinə baxaraq 1 anlıq ölkəmizin milyardlarla dəyəri olan sərvətləri və bu sərvətləri oğurlayaraq bu insanların haqqına girənlər kino lenti kimi gözümün önündə canlandı", - deyə həkim bildirib.