"Ermnistanın sülh danışıqlarından imtinası və sülh müqaviləsinin imzalanmayacağı halda bundan ən çöx əziyyət çəkən məhz elə Ermənistan özü olacaq. Rusiya - Qərb - İran üçbucağında sıxışıb qalan və gah bir tərəfin, gah da digər tərəfin maraqlarından çıxış edən Paşinyan hakimiyyəti başını itirib və Ermənistanın maraqlarını müdafiə etməli olduğunu unudub. Ermənistanın marağı isə nəhayət ki, dalandan çıxaraq regional layihələrdə iştirak etmək, sülh şəraitində inkişaf etmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraq ayrı-ayrı dövlətlərin boyunduruğundan çıxmaq olmalıdır".
Bu fikirləri Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib. Politoloq bildirib ki, hələ rəsmi İrəvanın davranışlarında biz bunları müşahidə etmirik:
"Əksinə ayrı-ayrı rəsmilərin bəyanatlarında revanşist ab-havaya şahidlik edirik. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.
Sülh müqaviləsinin imzalanmaması Azərbaycanı qarşısına qoyduğu hədəflərə çatmaq üçün fəaliyyətdən çəkindirməyəcək. Çünki ortada 10 noyabr üçtərəfli bəyanatı, eləcə də 11 yanvarda Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşma və Brüssel, Paraqa sazişləri var. Həmin razılaşma və öhdəliklərdən Ermənistanın imtina etməsi ona gətirib çıxaracaq ki, Azərbaycan 44 günlük Qarabağ savaşında BMT Təhlükəsizlik Şurasının Qətnamələrini təkbaşına icra etdiyi kimi indi də əldə olunmuş razılaşmaları Ermənistanı gösləmədən təbaşına icra etsin. Başqa sözlə desək Azərbaycanın öz suveren ərazilərində erməni hərbi birləşmələrinin tərksilah edilməsi üçün əməliyyat keçirmək, öz sərhədlərində sərhəd-kömrük məntəqələri qurmaq və eləcə də beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərində delimitasiya və demorkasiyanı həyata keçirərək Ermənistanı gözləmədən öz sərhəd xətlərini çəkərək onları möhkəmləndirmək hüququ var. Sadəcə Azərbaycan bütün bu sadaladıqlarımı qarşılıqlı razılaşma əsasında həyata keçirmək istəyir. Amma Ermənistanın sülh istiqamətində fəaliyyəti sabotaj etməyə davam edəcəyi halda Azərbaycan olaraq bizim konkret addımlar atacağımıza şübhə yoxdur. Və Ermənistan bunu nə qədər tez dərk etsə onlar üçün bir o qədər yaxşı olar".
Rəna Həsənova