Azərbaycan Prezidenti Rusiya rəhbərinə zəng vurub. İki ölkə münasibətləri və digər məsələlər müzakirə edilib.
Prezidentlərin telefon danışığını Faktmedia.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, yenidən diplomatik hərəkətlilik yaranır:
"Məlum olduğu kimi dünən Prezident İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə cənab Prezidentə məlumat verib. İqor Xovayevin səfərindən sonra Azərbaycan Prezidentinin Rusiyalı həmkarına zəng etməsi, sülh müqaviləsi ilə bağlı danışıqların intensivləşdirilməsi üçün zəmin yarandığını düşünməyə əsas verir".
Politoloq əlavə edib ki, Ermənistanın xarici işlər naziri də Türkiyəyə səfər edib:
"Səfər Türkiyədə baş verən zəlzələ ilə bağlı olsa da, çox güman ki, bölgədə davamlı sülhə nail olmaq istiqamətində müzakirələr prioritet təşkil edəcək.
Bütün bunları nəzərə alsaq, yaxın zaman kəsiyində sülh danışıqları ilə bağlı yüksək səviyyəli görüşün keçirilməsi ehtimalının az olmadığı qənaətindəyəm. Son günlər nəzərə çarpan diplomatik hərəkətlilik də çox güman ki, bununla bağlıdır".
Rəna Həsənova