Türkiyədə baş verən zəlzələ Bakıda yaşayan insanları qorxuya salıb. Əsasən də çoxmərtəbəli mənzillərdə yaşayan ailələr narahatdırlar. FHN binalarda yoxlamalara başlayacağını yazsa da, hələ ki, prosedur başlamayıb.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, Bakıda ilk növbədə sürətli şəkildə "Xuruşovka"ların yoxlanışı və söküntüsü başlayacaq. Söküntü Yasamal rayonu, "20 Yanvar" metrostansiyası ətrafında, 1-ci mikrarayonu əhatə edəcək. Bundan başqa Nərimanov rayonu, Nəsimi rayonunda bəzi mənzillərin də söküntüsü nəzərədə tutulub.
Daşınmaz məsələlər üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakıda söküləcək olan binalar çoxdur. Əsasən də köhnə yataqxanalar:
"Onlar demək olar ki, istismar müddətini başa vurub. Qaçqınlar və köçkünlərin çıxarılması baş tutsa, onlar sökülüb yenisi ilə əvəzlənə bilər. Həmçinin çoxdandır söküntüsü nəzərdə tutulan "Xuruşovka"lar da sökülə bilər".
Qeyd edək ki, FHN tikinti və yanğın təhlükəsizliyi normalarının pozulması faktı üzrə araşdırmalara başlayıb.
Rəna Həsənova