Türkiyədə baş verən zəlzələlərdən sonra Düşənbə meriyası bütün çoxmərtəbəli binaların möhkəmliyini yoxlamaq barədə göstəriş verib.
Tacikistan paytaxtının Memarlıq və Tikinti Komitəsinin rəhbəri Nizom Mirzozodanın sözlərinə görə, Düşənbədə tikilən və tikilməkdə olan çoxmərtəbəli binalar 8,5-9 bal gücündə zəlzələyə tab gətirmək üçün nəzərdə tutulub. Bəs Azərbaycanda belə bir proses başadıla bilərmi?
Sualımızı Faktmedia.az-a şərh edən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu məsələ Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, ayrı-ayrı şəhər və rayon İcra başçıları tərəfindən verilə bilən bir qərardır:
"Belə qərar qəbul olunarsa çox yaxşı olar. Azərbaycanda da binaların keyfiyyəti, möhkəmliyi ilə bağlı təhlil aparılmalıdır. Ən çox narahatçılıqlar köhnə yaşayış fonduna aid olan çoxmənzilli binalardır. Düşünürəm ki, bizdə də belə bir qərar olarsa ortada bir nəticə olar, bir rəqəm olar və bu rəqəmə uyğun da əgər problem varsa, o problemin aradan qaldırılması istiqamətində işlər görülər".
Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14 014-ə yüksəlib. Zəlzələ zamanı yaralananların sayı da artaraq 63 794-ə yüksəlib.
Rəna Həsənova