Xəbər verdiyimiz kimi, Türkiyədə güclü zəlzələ baş verib. Hadisə nəticəsində xeyli bina uçub. Maraqlıdır, Azərbaycanda inşa edilən binalarda təhlükəsizlik tədbirləri görülürmü, inşa prosesində təbii hadisələrin vura biləcəyi təsirlər nəzərə alınırmı?
Bu barədə Faktmedia.az-a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev danışıb.
O bildirib ki, hal - hazırda tikilən binalar 9 bal gücündə zəlzələyə davamlılığı nəzərə alınaraq tikilir:
"Binanın tikintisində zirzəmidən damına qədər, hər mərtəbə qalxdıqca FHN tərəfindən, müvafiq qurum tərəfindən nəzarət olunur. Yeni tikilən binaların dayanıqlığı şübhə altında ola bilməz, çünki nəzarət var. Binaların tikintisi zamanı ərazinin geoseysmik göstəriciləri nəzərə alınaraq layihədə öz əksini tapır. Tikinti zamanı istifadə olunan dəmir- beton konstruksiyalar, titrədicilər binanın təbii fəlakətlər zamanı dayanıqlı olmasına, bünövrənin möhkəm olmasına yardımçı olur. Tikinti şirkətləri binanın tikintisi zamanı bir neçə qurumdan rəy və icazələr alır. Əgər tikinti nəzərdə tutulan yerdə seysmik aktivlik varsa layihə dəyişdirilir, ərazinin göstəricisi layihəyə uyğun olduqdan sonra o binanın tikintisinə icazə verilir. Ümumiyyatlə təbii fəlakətlər zamanı binanın dağılması tikinti norma və qaydalarının pozulması səbəbindən baş verir. Digər səbəb isə sonradan olunan müdaxilələrdir. Tikinti bitdikdən sonra binanın zirzəmisi icarəyə verilir. Sahibkar konstruksiyada dəyişiklik edir və bu da binanın dayanıqlığının itməsinə səbəb olur. Yaxud da, birinci mərtəbə hansısa iaşə obyektinə icarəyə verilir, icarədar sütunların yerini dəyişməklə konstruksiyaya müdaxilə edir. Bu hal da binanın möhkəmliyinin itməsinə səbəb olur və nəticədə belə binaların dayanıqlığı şübhə altında olur".
Qeyd edək ki, Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912, yaralıların sayı 5385, xilas edilən vətəndaşların sayı 2470 olub. Zəlzələ nəticəsində ümumilikdə 2812 bina dağılıb