Marketinq sahəsinə tələb kifayət qədər çoxdur.
Bu sözləri Faktmedia.az-a Marketinq üzrə mütəxəssis Təbriz İsmayılov deyib.
O bildirib ki, bu sahədə fəaliyyət göstərmək istəyənlərin sayı həddən artıq çoxdur:
"Marketinq çoxlu qolları olan bir fəaliyyətdir. Eyni zamanda bu sahə psixologiya, yaradıcılıq, müasir texnologiya və s. sahələri ilə də sıx əlaqədədir. Bu da sahəni müxtəlif maraq dairələri olan insanlar üçün karyera qurmaq baxımından cəzbedici edir. Düşünürəm ki, hazırda sahəyə maraq kifayət qədər çoxdur. Hətta deyərdim ki, bu sahədə fəaliyyət göstərmək istəyənlərin sayı artıq sektorun real mütəxəssis tələbinin üstündədir. Təəsüf ki, bu gün bir sıra ali təhsil müəssisələrində Marketinq bir ixtisas olaraq keçirilsə də dərsin böyük bir qismi kağız-kitab nəzəriyyəsi üzərindən tədris edilir. Nəzərə alsaq ki, marketinq praktiki sahədir bu sahə üçün ali təhsil tələbinin sadəcə formal xarakter daşıdığını deyə bilərik. Bir çox hallarda bu tələb marketoloq axtarışında olan şirkətlərin auditoriyasını daraldır və hətta uyğun namizədin tapılmasına maneçilik törədir. Dil biliyinə gəldikdə isə ümumilikdə marketinq leksik vahid olaraq əcnəbi dildədir. Ölkəmizdə bu sahə yeniyetmə dövrünü yaşayır. Odur ki, bir çox resurs və alətlər də elə xarici dillərdədir. Düşünürəm ki, marketoloqun ən azı ingilis dilini işinin tələbləri səviyyəsində (oxuma-anlama) bilməsi vacibdir. Marketoloq olmaq istəyən, özünü bu sahədə görən hər kəs hər şeydən əvvəl müşahidəçi, araşdırmaçı, öyrənməyə açıq, maraq göstərən, hər kəslə empatiya qurmağı bacaran, yaşadığı mühitin, fəaliyyət göstərəcəyi cəmiyyətin psixologiyasına yaxşı bələd olan biri olmalıdır. Bunları daha çox sahənin tələbi olaraq deyil, fərdin şəxsi xüsusiyyətləri olaraq başa düşmək lazımdır. Saydığım bu xüsusiyyətlər olarsa digər nəzəri biliklər də zamanla yoxla-yanıl praktikası ilə gələcəkdir".
Havar Şəfiyeva