"Ətin qiymətinin bahalaşması mövsümlə bağlıdır. Bir neçə gündür havalar həddindən artıq isti keçir və belə olan halda heyvandarlıqla, kökəltməylə məşğul olan fermerlər mallarını bazara çıxarmırlar, yəni hesab edirlər ki, indi alıcılıq qabiliyyəti aşağıdır. Ona görə də heyvanları bazara çıxarmırlar. Bildiyiniz kimi bazarlarda şərait yoxdur, hava isti olduğu üçün heyvanları qızmar günəş altında çox saxlamaq mümkün deyil və buna görə də nisbətən təklif azalıb".
Bu fikirləri Faktmedia.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib. Ekspert əlavə edib:
"Amma bu müvəqqəti xarakter daşıyır. Bir neçə ət satışı məntəqələrində ətin qiymətini 50 qəpik, 1 manat arası artırıblar. Amma bu geniş xarakter almayıb, yəni ölkədə ətin qiymətində belə artım baş verməyib, yalnız bəzi ət satışı məntəqələrində ətin qiymətində artım olub. Ətin qiymətinin artımının heç bir iqtisadi əsası yoxdur. Ölkədə ət istehsalı təxminən 3 faiz artıb. Eyni zamanda, ölkəyə gətirilən ətin həcmi 3 faiz artıb. Digər tərəfdən ölkəyə əsasən kəsim üçün gətirilən heyvanlar dəyər ifadəsində 74 faiz artıb, o deməkdir ki, həm də fiziki çəki də artıb və ölkədə istehsal olunan, ölkəyə gətirilən taxıl məhsullarının qiyməti də nisbətən aşağı düşüb. Ona görə də ətin qiymətinin artımı müvəqqəti xarakter daşıyır və hesab edirəm ki, bir neçə gündən sonra yenə ətin qiyməti əvvəlki həddə düşəcək. Onu da qeyd edim ki, son üç ayda ətin qiyməti 14- 16 manat arasında dəyişib, yəni əvvəl artmışdı, sonra nisbətən endi, indi.yenə 50 qəpik, 1manat arasında artım baş verib. Bəzi iqtisadçılar, ekspertlər proqnoz verirlər ki, guya ətin qiyməti yaxın bir neçə ayda 20 manatı aşacaq. Bunun heç bir əsası yoxdur. Dünya bazarında ətin qiyməti 0,3 faiz ucuzlaşıb. Bu 0,3 faiz bizə az görünə bilər, amma bu artım demək deyil, qiymətdə azalma deməkdir. Mən indi Azərbaycanda ətin qiymətinin bahalaşmasına heç bir əsas görmürəm. Mövsümlə bağlı sahibkarlar bazara mallarını çıxarmırlar, müvəqqəti olaraq təklif azalıb və bəzi işbazlar bundan istifadə edib ətin qiymətini artırıblar. Ətin qiymətinin artımı üçün iqtisadi əsas yoxdur".
Rəna Həsənova