"Qiymətlərin artması ilə paralel olaraq ətin qiymətinin də qalxması təbiidir. Yəni mümkün deyildi ki, Azərbaycanda ərzaq inflyasiyası, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım olsun, amma ətin qiyməti artmasın".
Bunu Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçı əlavə edib:
"Ət istehsalçıları da istehlakçıdırlar. Onlar da əti satdıqdan sonra əldə etdikləri gəlirdən digər ərzaq və qeyri- ərzaq məhsulları alırlar. Əgər qiymətlər artırsa, təbii ki, onlar da ətin qiymətini artıracaq. Ərin qiymətinin bahalaşmasının digər səbəbləri də var. Əsas səbəblərdən biri yem bazasının zəif olmasıdır. Azərbaycanda 2014- 2015-ci illərdən sonra texniki bitkilərə, xüsusən də pambıqçılığa önəm verildiyindən çox yerlərdə yem.əkini əvəzinə pambıq əkilməyə başladı ki, bu da yem bazasını zəiflətdi və yemin qiymətinin qalxmasına səbəb oldu. Rəsmi rəqəmlərdən də görürük ki, son illərdə Azərbaycanda xırdabuynuzlu və iribuynuzlu mal-qaranın sayında da azalma var".
Ekspert əlavə edib ki, bunun səbəbi də yem bazasının azalması və qiymətinin bahalaşmasıdır:
"Burada təəccüblü heç nə yoxdur. Hətta daxili istehlakımızı belə öz istehsalımızla tam təmin edə bilmirik. Əvvəlki illərdə vəziyyət daha yaxşı idi. Hər il biz xaricdən 55-60 milyon dollarlıq diri mal-qara alırıq".
Rəna Həsənova