"Ölkədə baş verən bahalaşmaya səbəb olan müəyyən amillər var. İstər ərzaq, istərsə də qeyri-ərzaq, eləcə də, daşınmaz əmlak, tikinti materiallarında bahalaşma müşahidə olunur. Sözsüz ki, bahalaşma idxal inflyasiyası ilə bağlıdır, belə ki, biz idxaldan asılı ölkə kimi bəzi ölkələrdən müəyyən məhsulları baha qiymətə idxal edirik".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib.
İqtisadçı əlavə edib:
"Bəzən yerli istehsal olan məhsullarda da bahalaşma müşahidə olunur. Bunun müxtəlif səbəbləri var. Hökumət bununla bağlı həm maliyyə siyasətinin sərtləşdirilməsi, həm də gömrük rüsumlarının azaldılması kimi önləyici planlar həyata keçirir. Həmçinin ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması üçün dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə xeyli subsidiyalar ayrılır. Hesab edirəm ki, ötən ilin inflyasiya mənzərəsində biz daha çox manatın alıcılıq qabiliyyətinin aşağı düşməsini müşahidə edirik, bu da ən çox digər məhsulların bahalaşmasına təsir edən amillərdən biridir. Ötən il əgər biz yalnız ərzaq və tikinti materiallarında bahalaşma müşahidə edirdiksə, artıq həmin bahalaşmanı digər sahələrdə də görürük. Ötən il ictimai nəqliyyatın qiymətinin artması zəncirvari olaraq digər sahələrə də öz təsirini göstərdi. Bu baxımdan hesab edirəm ki, əsas məsələlərdən biri ölkənin qeyri - neft sektorunun inkişafının daha da stimullaşdırılması üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Müəyyən sahələrdə qeyd olunan vergi güzəştləri daha da genişləndirilməli, həmçinin ölkənin idxaldan asılılığı müəyyən səviyyədə azaldılmalıdır. Bunun üçün daxili istehsala, kənd təsərrüfatının, heyvandarlığın inkişafına, örüş yerlərinin böyüdülməsinə, daxildə mal-qara yeminin istehsalına geniş şərait yaradılmalıdır".
Rəna Həsənova