"Azərbaycan demək olar ki, 75 faiz xaricdən asılıdır. Ümumi bazarın həcmini nəzərə alsaq, ərzaq məhsullarının cəmi 25 faizi yerli istehsaldır".
Bunu Faktmedia.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, daha çox asılı olduğumuz məhsullar təbii ki, taxıl və un məmulatlarıdır:
"Bu məhsulların demək olar ki, 74-75 faizini xaricdən idxal edirik. Burada əmtəəlik buğda və undan söhbət gedir. Eyni zamanda, konserv məhsulları, təbii çay, şəkəri də xaricdən alırıq. Bazarda yerli məhsul adı altında bu məhsullardan olsa da, onlar xaricdən gətirilib burada qablaşdırılan məhsullardır. Xaricdən asılı olmadığımız məhsullar haqqında danışmaq daha asandır. Qırmızı ət (mal və qoyun əti) daha çox yerli istehsaldır. Eyni zamanda meyvə və tərəvəzlərin də çox hissəsi yerli istehsaldır. Digər sahələrin hər birində xarici istehsalın payı daha yüksəkdir".
Qeyd edək ki, Dövlət Statistika Komitəsi ölkə üzrə ÜDM-in artdığını açıqlayıb. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 111,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11032,8 manata bərabər olub.
Rəna Həsənova