"2023-cü ilin mayın 14-də Azərbaycan-Ermənistan rəhbərinin və Avropa İttifaqının Prezidentinin bir araya gəlməsi sülh danışıqları prosesində müsbət bir addım kimi dəyərləndirilə bilər. Hətta Ermənistan tərəfinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması da ümidləri bir qədər daha da artırır".
Bunu Faktmedia.az-a politoloq Ramid Hüseynov deyib.
Politoloq bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması, regionda sülhün bərqərar olması, kommunikasiyaların bərpası iqtisadi vəziyyəti heç də qənaətbəxş olmayan Ermənistan olduqca vacibdir:
"Digər tərəfdən yenidən müharibənin davam etdirilməsi də hazırkı dövrdə Ermənistan üçün arzuolunan deyil, çünki hərbi və iqtisadi resurslar kifayət etmir. Amma Qərbin və region güclərinin geosiyasi və geoiqtisadi maraqları sülh müqaviləsinin imzalanmasına maneçilik törədir. Düzdür burda Ermənistanın gedən prosesdən güzəştlər əldə etmək istəkləri də müşahidə olunur. Amma görünən odur ki, Qərb regionda özünün geoiqtisadi maraqları kontekstində olsa da belə sülhün və təhlükəsizliyin təmin olunmasında, tərəflər arasında münasibətlərin normallaşmasında israrlı görünür. Onu da qeyd etmək lazımdır ki, Qərbin oynadığı rol həm də Rusiyanın geosiyasi üstünlüyünü zəiflətmək məqsədini daşıyır. Belə olan təqdirdə, Qərbin davranışlarını, habelə Ermənistanın Rusiyadan uzaqlaşaraq, qərbə daha çox meyillənməsini, KTMT-dən çıxmağa çalışmasını özü üçün ciddi təhlükə görən rəsmi Moskva ənənəvi təsir vasitələrindən istifadəni davam etdirir. Yəni Brüssel görüşlərindən dərhal sonra Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və dövlət rəhbərlərinin birgə görüşünü təşkil etməsi ilə əslində özünün hələ də söz sahibi olduğunu göstərməyə çalışır. Bununla tərəflər arasında münasibətləri “normallaşdırmaq”, “sülh danışıqlarını” həyata keçirməkdə əsas vasitəçi olduğunu bəyan edir".
Ramid Hüseynov əlavə edib ki, əslində isə hər kəsə bəllidir ki, müharibədən əvvəl olduğu kimi, postmüharibə vəziyyətinin hazırkı statusda qalması ən çox Rusiyanın maraqlarına xidmət göstərir:
"Çünki rəsmi Moskva da yaxşı anlayır ki, onun regiondakı mövcudluğu üçün mühüm vasitə gərginlyin davam etməsi, sülh danışıqlarının uzadılmasıdır. Amma görünən odur ki, geosiyasi reallığın yeni mənzərəsi, Ukrayna ilə müharibədə ciddi itkilər, qərbin iqtisadi sanksiyaları və Azərbaycanın artan iqtisadi, siyasi gücü, Ermənistanın Qərbə inteqrasiyası Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarını zəiflədir. Proseslərin bu cür davam etməsi sülh danışıqlarında müsbət nəticələrin əldə olunmasına inam formalaşdırır".
Rəna Həsənova