"Din insanı mənəvi, metafizik tərəfdən izah edir. İnsanın yaradılış hədəfləri, mənəvi təkamülü və ruhani çöküşü haqda danışır. İnsanın kamilliyinin nədə olduğu barədə fəlsəfi polemikalar açır. Elm isə insanın anatomik, fizioloji xüsusiyyətlərini, bioloji canlı olaraq təbiətdə yerini, kainatda digər canlılarla olan maddi əlaqəsini, onun maddi funksionallığını, maddi fəaliyyətini izah edir".
Bunu Faktmedia.az-a müsahibəsində yazıçı Rövşən Abdullaoğlu deyib.
O, həmçinin əlavə edib:
"Elm və dindən birini qəbul etmək digərini inkar etməyə səbəb ola bilməz. Bir çox elm adamları var ki, həm dini, həm də elmi dünyagörüşünə sahibdirlər. Onların inanclı olmaları elmlə məşğul olmalarına qətiyyən mane olmayıb. XVII-XVIII əsrlərdə din və elm qarşıdurmasının şiddətlənməsinə səbəb olan subyektiv faktorların heç biri müasir dünya üçün aktual ola bilməz. Buna dəlil olaraq onlarla böyük alimin yazdıqları əsərlər mövcuddur. Dünyaca tanınmış genetika alimi, insan genomu barədə əvəzsiz araşdırmaların müəllifi olan Frensis Kollinsin bizim dilimizə də tərcümə olunmuş ˝Tanrının dili˝ əsərini örnək göstərmək olar. Kollins onlarla ən sanballı elmi mükafata layiq görülüb və bununla bərabər inanc faktorunu önəmli bildiyini və elmlə zidd olmadığını bəyan edir".
Havar Şəfiyeva