“Bir evi dizayn edərkən, tikintidə təcrübəsi olmayan bir insanın diqqət yetirməyəcəyi bir çox incəlikləri var”.
Bu sözləri Faktmedia.az-a danışan interyer dizayner Leyla Naib Cabbarlı deyib.
O bildirib ki, interyer dizayn hazırlayarkən ilk növbədə, ev sahibinin rahatlığını və maraqlarını nəzərə almaqdır:
“Estetik əsas prioritet deyil. Evi elə təchiz etmək lazımdır ki, interyerin hər bir elementi rahat və funksional olsun. Bu həm mebelə, həm də dekorasiyaya aiddir. Evin görünüşü əlbəttə ki vacibdir, evin gözəl olması və üslubun davamlı olması lazımdır. Məsələn, bağ evində qarderob otağı çox vacibdir, çünki evdə həmişə çox geyim və əşya olur. Digər vacib otaq, “camaşırxana” və ya “texniki otaq”, paltarların yuyulduğu, qurudulduğu və ütüləndiyi yer, təmizləyici avadanlıqların (vedrələr, tozsoran və.s )yerləşir. Digər mühüm məsələ - vanna otağı. Müasir vanna otağı məişət texnikası olmadan təsəvvür edilə bilməz. Otaqda paltaryuyan, fen və s. istifadə olunur. Buna görə də, gələcəkdə problemlərlə qarşılaşmamaq üçün elektrik yuvasının sayını əvvəlcədən bilmək lazımdır. Dizaynerin bacarıq və peşəkarlığı ən çox, kiçik məkanlarda görünür. 55 kvadratmetrlik bir mənzili funksional dizayn etmək daha çətindir”.
Dizayner vurğulayıb ki, yaradıcı insanlar öz fərqli aləmlərində yaşayırlar:
“Bir çoxları uşaqlıqda olan arzularını öz evlərində reallaşdırır. Yaradıcı insanlar mənəvi və psixoloji cəhətdən çox fərqli düşünürlər. Adi interyerlərdən fərqli olaraq yaradıcı insanların interyerləri qeyri adi olur, onlar daha çox evlərində dejavu yaşamağı sevirlər. Özünü ifadə edən və mənzilə şəxsi toxunuşlar əlavə etməyi xoşlayırlar”.
O qeyd edib ki, əgər enerjili, yaradıcı, azad və cəsarətli bir insansınızsa, eklektik üslubunda evinizi dizayn etmək daha uyğundur:
“Kontrast rənglərin və fərqli üslubların bir araya gələrək rahat və özünəməxsus bir abu-hava yaradır. Beləliklə müasir, art deco və ya boho kimi interyer dizayn üslublarını, bir mənzildə sərbəst şəkildə istifadə etmək olar. Yaradıcı insanların evləri çox vaxt həmişə emalatxanaya bənzəyir, yaradıcılıq üçün rahat bir köşə vacibdir, ona görə də belə bir insanın daha rahat yaşaması üçün onun məhsuldar şəkildə yaradılması üçün hər cür yaşayış şəraiti yaratmaq lazımdır. Evə harmoniya və rahatlıq vermək üçün orijinal şkaflar və ya rəflər yaratmaq olar. Çox vaxt otağa orijinallıq qatan köhnə əşyalar olur. Belə dizaynın başqa bir yerdə təkrarlanmağı çətindir, buna görə də başqa birini tapa bilməyəcəyinə əmin ola bilərsiniz".
Havar Şəfiyeva