"İş həyatında lazım olan şəxsi bacarıqlar, keyfiyyətlər hər iki cinsin nümayəndəsi üçün eyni dərəcədə keçərlidir”.
Bu sözləri Faktmedia.az-a danışan şəxsi inkişaf üzrə təlimçi Həmidə Yaqubova deyib.
O bildirib ki, iş həyatında əsas tələblər – dəqiqlik, daxili intizam, məhsuldarlığın yüksək səviyyədə olması, şəxsi həyatla iş həyatını bir-birinə qarışdırmamaq, emosional intellektin güclü olması, hədəf meylilik, nəticəyə köklənmək, stressi idarə etməkdir:
“Sadəcə xanımlarımız ailənin də yükünü çiyinlərində daşıdıqlarından onlar üçün sadaladığım bacarıqlar çox ağır zəhmətin nəticəsində əmələ gəlir. Eyni zamanda həm ana, həm həyat yoldaşı, həm gəlin rolunun tələblərinə uyğunlaşır, həm də rəqabətli iş həyatının axını ilə ayaqlaşmağa çalışır. Əlbəttə ki, bu asan deyil. Biz qadınlar emosional varlıqlar olduğumuz üçün də bəzən psixoloji tükənmişlik yaşaya bilirik. Bu səbəbdən mütləqdir ki, şəxsi bacarıqları inkişaf etdirməklə yanaşı özümüzü tanımağa çalışaq və sevməyi bacaraq. Bu bacarıqlar zamanla formalaşır. Müəyyən təkrarlanan davranışların nəticəsində vərdişə çevrilir”.
Ekspert qeyd edib ki, biz ilk olaraq özümüzə sual verməliyik:
"Hansı bacarıqları inkişaf etdirməliyəm?", "Bunun üçün mənə nələr mane olur?", "Bəs mən nədən başlamalıyam" və s. bu kimi suallar verərək özümüzdə fərqindəlik yaradırıq. Bu fərqindəlik bizi alışılmış mənfi vərdişlərdən, rutin işlərdən ayırır. Bəzən fərqində olmadan lazımsız işlərə o qədər çox zaman sərf edirik ki, günün sonunda enerjimizi bitiririk və ortada da bir nəticə görmürük. Bu da bizi emosional olaraq da çox yorur. Bu səbəbdən də fərqindəlik yaradacaq suallar verməyimiz və cavablarımızı da bir vərəqdə qeyd etməyimiz gözəl nəticə verəcək. Mən hər zaman qeyd edirəm ki, hara gedəcəyini bilməyən gəmiyə heç bir külək yardım edə bilməz. Mütləqdir ki, özümüzü 1, 2, 3,..., 5 ildən sonra harda gördüyümüzü düşünək. Ən əsası da həmin hədəflərimizi yazaq. Hədəflərlə işləməyin gözəl texnikaları var. Əksər iş adamları bu texnikalardan istifadə edirlər. Karyerada irəliləmək istəyiriksə, hədəflərimizi təyin etməliyik. Əks halda başqalarının hədəflərinə xidmət etmiş olacağıq. Ən əsası isə hədəflərimizi təyin etdikdən sonra onları reallaşdırmaq üçün düzgün strategiya qurmaq lazımdır".
Havar Şəfiyeva