"İntihar, adətən həmin şəxsin beynində uzun müddət hazırlanmış fikirlərin cəmi olur. İntihar uzun müddət depressiya və ya depressiv yaşantının nəticəsi olur. Uzun müddət belə bir hal yaşayan şəxs artıq intihara əl atır".
Bunu Faktmedia.az-a sosioloq Sənubər Heydərova deyib. Sosioloq bildirib ki, həmin şəxslər adətən belə bir fikirləri olduğunu ətrafdakılara bildirir, xəbərdarlıq edir:
"Ətrafdakılar belə insanlara təskinlik verir, lakin bu insanları psixoloqa yaxud da psixoterapevtə yönəltmək lazımdır.Vəzifəli şəxslər də anonimliyin pozulmasından qorxaraq psixoloq, psixoterapevt yanına getməkdən çəkinirlər. Azərbaycanda ümumiyyətlə bu məsələ problemlidir. İntihar halının baş verməsinin müxtəlif səbəbləri olur. Məsələn, həmin anda çox yüksək stresin olması, öhdəsindən gələ bilmədiyi qarışıq fikirlər, əlacsızlıq, ümidsizlik və s. Vəzifəli şəxslərin də stresi kifayət qədərdir. Bu onların vəzifələri ilə bağlı məsuliyyətdən, bəzən isə, çıxılmaz duruma düşmə hallarından irəli gəlir və bu da normaldır. Hər hansı bir şəxs iki həftədən artıq depressiv vəziyyət yaşayarsa, həmin şəxs mütləq psixoloqa, psixoterapevtə yönəldilməlidir. Təəssüf ki, bizdə belə bir mədəniyyət yoxdur".
Sosioloq əlavə edib ki, Tibbi sığortanın özündə də adətən psixoterapiya xidmətləri olmur:
"Stresli əməklə məşğul olan insanlar üçün belə bir xidmətin, belə müayinənin olması vacibdir. Belə xidmətin olması insanların iş qabiliyyətini normallaşdırar, yanma sindromunun qarşısının alınmasına çox kömək edər. İstər vəzifəli şəxs, istərsə də adi vətəndaşlar üçün bu xidmətlər əlçatan olmalıdır. İntihar hallarının qarşısının alınması üçün bu məsələ həm hökumət, həm də sığorta şirkətləri qarşısında qaldırılmalı əsas məsələlərdən biridir. Mətbuatda da bu çağırışın olması çox gözəl haldır".
Rəna Həsənova