“Süni intellektə gələcəyimizə təhdid kimi yox, bizim işlərimizi asanlaşdıran köməkçi vasitə kimi baxsaq daha doğru olar”.
Bu sözləri Faktmedia.az-a danışan qrafik dizayner Nurlan Əhmədov deyib.
O, süni intellektin işsizlik yaradacağını düşünmür:
“Ola bilər ki, gələcəkdə bəzi sahələrdə ixtisarlar yaransın, amma tamamilə işsizlik yaranması yaxın gələcəkdə olacaq birşey deyil, belə halın yaranması üçün süni intellekt tamamilə insan müdaxiləsinə ehtiyac duymadan hərəkət etməlidir. Hazırda süni intellekt bir çox sahələrdə kömək vasitəsi kimi istifadə olunur, məsələn qrafik dizaynerlərin, proqramçıların bir çox işin rahatlaşdırır, onlara vaxta qənaət etməyə imkan verir. Nəzərə almaq lazımdır ki, süni intellekt hazırda tək başına qrafik dizaynerlərin, proqramlaşdırma işi ilə məşğul olan insanların işin birbaşa özü tək edə bilmir, insanın ona əmrlər, informasiya verməsinə ehtiyac duyur, ola bilər gələcəkdə bu mümkün olsun, amma süni intellektin insan əməyinin önünə keçməsi çox da inandırıcı gəlmir”.
N.Əhmədov qeyd edib ki, əgər belə birşey olacaqsa, necə deyərlər o "robotların dünyanı ələ keçirdikləri vaxt" olacaq:
“Biz bundan narahatıqsa, sözsüz ki daha da müasir peşələrə yönəlməliyik. Təbii ki, Avropa ilə paralel getməsə də, bizdə də süni intellekt sahəsi getdikcə inkişaf edir, süni intellektə maraq, ondan istifadə edənlərin sayı gün keçdikcə artır. Gənclər arasında göstərilən maraq daha çoxdur, əgər biz süni intellektə marağı artırmağı, onun tətbiq sahələrinin çoxalmasını istəyiriksə, tədris müəssisələrində kompüter texnologiyaları və süni intellekt yönümlü dərslərin keçirilməsini həyata keçirməliyik. Bu sahədən yararlı istifadə olunsa, insanlara, onların gördükləri işlərə olduqca müsbət təsir göstərəcək, gördükləri işin onlar üçün daha rahat olmasını təmin edəcək”.
Dizayner əlavə edib ki, “Süni intellektin ən müsbət cəhəti odur ki, siz ona tələb etdiyi formada uyğun əmrləri və informasiyanı verməklə, yaradacağı iş ilə birlikdə vaxtınıza böyük qənaət etmiş olursunuz:
"Süni intellekt bir çox sahələrdə tətbiq olunmaqla, əksər işlərə kömək olur və qarşılaşılan problemlərin aşılmasında yardımçı rol oynayır. Məsələn, yazıdan-şəkilə, yazıdan-səsə, hətta yazıdan-videoya kimi bir çox işləri yerinə yetirə bilir. Ən çox istifadə edilən süni intellekt vasitəsiləndən biri də "Midjourney"dir, "Discord" tərkibində yerləşir, siz Midjourneyə "prompts" adlanan qısa əmrlər verməklə, özünüzə lazım olan şəkilləri süni intellekt vasitəsilə asanlıqla və qısa vaxt ərzində yaradıb, istifadə edə bilərsiniz”. Süni intellekt təkcə qrafik dizayn, proqramlaşdırma sahəsi ilə məhdudlaşmır, digər bir çox sahələrdə də tətbiq olunur. Məsələn təhsil sahəsində, sənayedə, tibbdə, insanın gündəlik yaşantısında da hazırda süni intellekin iştirakına rast gəlmək mümkündür. Süni intellektin tətbiq olunması ilə birlikdə vaxt itkisi problemi aradan qaldırılmış olur".
Havar Şəfiyeva