"Bakı şəhərinin tıxac probleminin aradan qaldırılması üçün atılan istənilən addımı mən dəstəkləyirəm və alqışlayıram".
Bu sözləri Faktmedia.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O bildirib ki, paytaxtın şimal giriş nöqtələri sıxlıq yaratmaqla yanaşı, insanlarda diskomfort hissi də yaradır:
"Bayıl yamacı, "Azneft" dairəsində də belə bir ərazi var. Gələcəkdə bu ərazilərin də digər yerə köçürülməsi zərurəti yaranacaq. Burada məqsəd daha çevik, komfortlu, əlçatan sərnişindaşımanın təmin olunmasıdır. Bir mərkəzdən idarə olunması, xüsusən Avtovağzal metrostansiyasının olması, vətəndaşların tez zaman kəsiyində şəhərdən digər bölgələrimizə gedə bilməsi, Bakı dairəvi yola yaxın olması bu məsələni daha konkretləşdirir və müsbətə doğru aparır. Həmin ərazilərin ödənişsiz olması avtodayanacaqdan istifadə hallarının cəlbedici olmasını təmin edəcək, sürücülərin məmnuniyyətini qazanacaq".
Qeyd edək ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfindən ödənişsiz duracaq yerləri təşkil edilib.
Rəna Həsənova