"Mən özüm bununla bağlı uzun illər mövqeyimi bildirmişəm ki, qohum evliliklərə tərəfdar deyiləm. Təbii ki, söhbət dayıoğlu, xalaoĝlu, əmioğlu kimi yaxın qohumlarla evliliklərdən gedir. Belə evliliklər həm tibbi, həm də mənəvi cəhətdən bir o qədər də uyğun deyil".
Bunu faktmedia.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq, jurnalist Elçin Bayramlı deyib. O bildirib ki, tibbi tərəfi məlumdur:
"Belə evliliklərdən doğulan uşaqlar əksər hallarda fiziki qusurlu olur. Mənəvi tərəfi isə belədir ki bir n9v bacı-qardaş sayılır. Bu da mənəvi və etik cəhətdən düzgün deyil. Sosioloji tərəfdən bu evliliklər bir xalqın, bir cəmiyyətin cırlaşmasına gətirib çıxarır. Yaxın genlər, qanlar qarışanda inkişaf getmir. Elmə məlumdur ki, qarışıq qanlar, hətta fərqli xalqlardan olan evliliklər daha sağlam və effektli olur. Qohum evliliklər genefondumuza zərər vurur. Hüquqi baxımdan belə evliliklərin qadağan edilməsi bir tərəfdən insan hüquqlarının pozulmasıdır. Azad sevgi anlayışı, insan hüququ var. Ona görə də diğər 3 aspektdən yanaşanda hüquqi tərəfdən toqquşur".
Sosioloq əlavə edib ki, bu məsələni təbliğat və maarifləndirmə yolu ilə aradan qaldırmaq lazımdır:
"Çünki qadaĝa ciddi problemlərə, hətta intihara gətirib çıxara bilər. Məsələn, hər iki xalauşağı yaxud əmiuşağı sidq ürəkdən bir-birini sevə bilər, ayrı yaşaya bilməzlər və buna zorakılıqla maneə törədilsə başqa problemlər ortaya çıxa bilər. Bu məsələlərin tənzimlənməsi çox mürəkkəb və çətindir. Milli, sosial, tibbi prinsiplər qohum evliliklərinin əleyhinə olsa da, hüquqi tərəfdən tam tərsidir. Burada həm dövlət, həm media, həm də qeyri- dövlət təşkilatları tərəfindən təbliğat işləri aparılmalıdır. Tibbi-mənəvi zərərləri izah olunmalıdır. Əgər düzgün təbliğat aparılsa, hesab edirəm ki, yaxın müddətdə 90-95 faiz bu problemi aradan qaldırmağa nail olarıq".
Rəna Həsənova