"Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın başa çatması ılə bağlı heç bir deklarasiya, heç bir raport yoxdur. Pandemiya hələ bitməyib".
Bu sözləri Faktmedia.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, pandemiya bitməyib və mutasiya davam edir:
“Davam edən mutasiyanın ayrı-ayrı formaları özünü göstərir. Burada yoluxuculuq indeksinin yüksəlməsi, amma ölüm hallarının azalması tendensiyası nəzərə çarpır. Bu həm də pandemiyanın sona doğru getməsinə işarədir. Pandemiyadan əvvəlki dövrdə də soyuq havalarda virus infeksiyaları yüksəlirdi. Həmin dövrlərdə də qrip, rinoviruslar və digər respirator infeksiyaların artması müşahidə olunurdu. İndi pandemiyanın fonunda baş verdikdə təbii ki, epidemioloji vəziyyətin xeyli pis olduğu aydın olur”.
Ekspert qeyd edib ki, vaksinasiyaya hər halda hələlik tələbat yoxdur:
“Situasiyadan asılı olaraq karantin qaydaları sərtləşdirilə və ya, yumşaldıla bilər. Hesab edirəm ki, indiki vaxtda insanlar karantin dövründə tələb olunan davranış formalarına əməl etməlidirlər. Maskadan istifadə, məsafənin gözlənilməsi, əllərin dezinfeksiyası indiki dövrdə də daha məqsədəuyğun olardı. Bu yoluxma indeksini xeyli aşağı salar”- deyə əlavə edib.