Son iki ildə ürək-damar və tromb xəstəliyi səbəbindən ölüm hallarının çoxalması müşahidə olunur. Belə ölüm hallarının artmasına insanlar koronavirus xəstəliyi və həmin xəstəlik əleyhinə vurulan peyvəndlərin səbəb olduğunu düşünürlər. Koronavirus xəstəliyi və ona qarşı vurulan peyvəndlər həqiqətən tromb xəstəliyinin yaranmasına səbəb olur?
Sualla bağlı kardioloq Jalə Abbasova Faktmedia.az-a danışıb
Kardioloq bildirib ki, tromb xəstəliyi qan axınında dəyişiklik, damar daxilinin pozulması, qanın laxtalanmaya meyllənməsi və immun sisteminin zəifləməsi nəticəsində yaranır. İmmun sisteminin zəifləməsi nəticəsində mikrob, virus, infeksiya, bakteriya qanın tərkibində yapışma hüceyrələrini yaradır və tromb əmələ gəlmə riskini artırır:
"Koronavirus xəstəliyinə yoluxan insanlarda da immun sisteminin zəifləməsi qanda virusun, infeksiyanın miqdarının artmasına səbəb olur. Artan infeksiya, virus qanın tərkibində yapışma hüceyrələrini yaradır və bu da tromb əmələ gəlməsinə səbəb olur. Həqiqətən də,, son 2- 3 ildə ölüm hallarına səbəb tromb və ürək- damar xəstəlikləridir. Əslində genetik və sonradan yaranan tromb xəstəlikləri var. Sümük sınması, ağır əməliyyatlar, oynaq və birləşdirici toxuma xəstəlikləri, endokrin xəstəliklər, qadın hormonal müalicə, onkoloji xəstəliklər, hamiləlik varikozları, aterosklerozlar, artıq çəki, oturaq həyat tərzi və perikard xəstəliklər sonradan tromb yaranmasına səbəb olur. Biz bu gün bütün dünyanı cənginə alan koronavirus xəstəliyinin ölüm hallarına səbəb olduğu faktorlardan danışırıqsa, ən başlıcası trombdur. İmmun sistemini kəskin zəiflədən bu xəstəlik səbəbindən ürək və qan-damar sistemində ciddi problemlər yaranır. Eyni zamanda peyvəndlər də ürək- damar xəstəlikləri olan insanlarda tromb əmələ gətirir və ölüm riskini artırır. Sağlamlıq böhranı yaşadığımız bir zamanda insanlara dəqiq, düzgün məlumat verməyə çalışırıq. Vaxtında olunan dəqiq müayinələr və eyni zamanda aparılan düzgün müalicələr belə halların qarşısını almağa kömək edir".
Rəna Həsənova