"Kriptovalyutaları əldə etmək üçün vətəndaşlar ilk öncə dünyanın ən böyük birjası "Binance"də hesab açıb, onu təsdiqləməlidirlər. Başqa birjalar da təbii ki, var ancaq hazırda daha çox məşhurluğuna və dövriyyəsinə görə o istifadə edilir".
Bunu Faktmedia.az-a Kriptovalyutalar üzrə ekspert, Blokçeyn startapçısı Qurbanəli Ömər deyib. O bildirib ki, vətəndaşlarımız çox vaxt bu birjada hesabı təsdiqləməkdə çətinliklər çəkirlər:
"Bu da, bəzən tənbəllikdən irəli gəlir. Çünki, internetdə yetərincə video və məlumatlar var. Dünyanın böyük birjalarında al-sat edilən kriptovalyutalar yatırım üçün çox vaxt sərfəli olmur. Çünki onlar artıq məşhurlaşıb və yetərincə dəyər qazanıblar. Ona görə insanlar birjadan stabil kriptovalyutaları (USDT, BUSD və s.) alıb, ona bağlı cüzdanlar (Metamask, Trust Wallet, Tron Link kimi) da açıb, həmin kripto cüzdanları mərkəziyyətsiz birjalara bağlamalı olurlar. Bu da uzun və çətin görünə bilir. Çox təəssüf ki, insanlar daha sadə yollar axtararkən, saxta firmaların qurbanı olurlar. Yaxşı olar ki, insanlar isti cüzdanlardan istifadə edərkən iki cüzdan açsınlar. Biri ilə alış edib, digərində tutsunlar. Çünki bəzən təhlükəsizlik səbəbindən pul itkisi ola bilir".
Havar Şəfiyeva