"Azərbaycanda son dövrlər xarici investorlar üçün imkanlar getdikcə müsbətə doğru dəyişməkdədir”.
Bu sözləri Faktmedia.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, qanunvericilik bazasının yenilənməsinə uyğun olaraq müvafiq müddəaların əks olunması, o cümlədən də ölkənin artan nüfuzu, iqtisadi əlaqələri xarici ölkələrdən gələn investorlar üçün Azərbaycanı maraqlı bir dövlətə çevrilib:
“Müstəqilliyimizin ilk illərindən başlayaraq daha çox müşahidə edilmişdir ki, investorların maraq göstərdiyi bu sahə məhz neft sektorudur. Çünki neft və qaza yatırılmış investisiyanın geri dönüşü daha tezdir və daha az risklidir. Son dövrlərdə bu proses dəyişikliklərə doğru gedir və xarici investorlar qeyri-neft sektoru ilə də maraqlanmağa başlayıblar”.
Ekspert bildirib ki, investisiyalar kənd təsərrüfatı sahəsində də müşahidə olunur:
“Azərbaycan kifayət qədər alternativ enerjiyə sahib ölkədir. Enerji resurslarından istehsal olunacaq enerjiyə də xarici investorların investisiya yatırılması müşahidə olunur. Belə ki, BƏƏ- nin şirkəti Qaradağ Günəş Elektrik Stansiyasının qurulmasına investisiya yatırılmışdır. Həmin ölkənin digər bir şirkəti Xızı-Abşeron Günəş Elektrik enerjisinin istehsalı ilə bağlı investisiya yatırmışdır. Qoyulan investisiyanın həcmi yarım milyard dollar təşkil edir. O cümlədən də ölkənin 200 GB yaxın olan alternativ enerji potensialı bütün investorlar üçün Azərbaycanı əlverişli bir ölkə kimi tanıdıb".
Havar Şəfiyeva