Azərbaycanda köhnə maşınların yığışdırlması ilə bağlı qərarlar olsa da bu öz əksini tapmayıb. Nə minik avtomobilləri, nə avtobuslarda istismarını başa vurmuş köhnə avtomobillər "yaşayır", "xidmət edir". Bunlar şəhərin vizual görüntüsünü pozmaqla yanaşı, yollarda da tıxaclara səbəb olur.
Bu barədə Faktmedia.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, istismar müdətini başa vurmuş köhnə avtomobillərin yığışdırılması qismən təsir edəcək:
"Əgər biz sıxlıqdan, tıxacdan danışırıqsa, mövcud bir tələb var, amma məhdud təklif olduğundan qeyri-qanuni sərnişindaşımanın fəaliyyəti gündəmdədir. Bu tələbi qarşılamaq üçün çeşidli alternativlər və keyfiyyətli ictimai nəqliyyat olmalıdır ki, gördüyümüz vəziyyət kökündən dəyişsin. İlkin mərhələdə bunu müsbət addım kimi qiymətləndirmək olar. Qismən həmin ərazilərdə olan küçə yol şəbəkəsinin hərəkətində müsbət tendensiya müşahidə ediləcək. Amma bunun davamlı olması üçün köklü islahatlar aparmağa ehtiyac var".
Qeyd edək ki, paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfindən ödənişsiz duracaq yerləri təşkil edilib.
Rəna Həsənova