Ölkədə sərnişin daşıma üzrə avtobusların qiymətləri artdı. Belə ki, həm metro, həm avtobuslarda gediş haqqı 10 qəpik artırıldı. Bu artımı tarif Şurası və daşıyıcı şirkətlər keyfiyyətin artırılacağı ilə əlaqələndirdilər. Belə oldumu? Olmadı. Bu gün də köhnə istismar müddətini başa vurmuş avtobuslar xəttə, bu gün də dayanacaqlarda insanlar avtobus gözləyir. Özü də az qala saatlarla.Dəyişən isə xalqın cibinə girmək oldu.
Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə Faktmedia.az-a bildirildi ki, əgər bu sualı verərkən daşıyıcılar tərəfindən xətdə çıxarılan avtobus sayını nəzərdə tutursunuzsa, bununla baglı qeyd edim ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların intervallarında gecikmələrin yaranmasının səbəbi marşrutlar üzrə xətdə buraxılan avtobus sayları ilə bağlı deyildir:
"Bunun başlıca səbəbi məhz günün pik saatlarında küçə və prospektlərdə nəqliyyat axınında yaranan sıxlıqlardır. Qeyd olunan problemi aradan qaldırmaq üçün bəzi küçə və prospektlərdə tərəfimizdən xüsusi avtobus zolaqları təşkil edilmiş və bu istiqamətdə işlər davam etdirilir. Lakin həmin avtobus zolaqlarına digər nəqliyyat vasitələrinin daxil olması və qeyri qanuni parklaanmaların edilməsi nəticəsində zolaqların öz funksionallığının itirməsinə səbəb olur".
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.
Rəna Həsənova