"Qanunvericiliklə binanı Mənzil Kommunal Kooperativi tikməlidir. Həmin kooperativ də binada mənzil alan sakinlərə mənsub olmalıdır. Reallıqda belə deyil. MTK orada mənzil alanlara mənsub deyil. Əksəriyyətinin nizamnaməsinə baxdıqda görüruk ki, üzvlər sakinlər yox, hansısa binanı tikən şəxsin öz tanış və ya qohumlarındandır".
Bunu Faktmedia.az-a hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, 2018 - ci ildə qəbul olunmuş qərara əsasən MTK binanı tikib qurtardıqdan sonra, həmin bina sakinlərinin 50 faizdən çoxu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındısa, MTK bir ay ərzində ya ləğv olunmalı, ya da mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir:
"Bu o deməkdir ki, idarəetmə sakinlərə keçməlidir. Bu hüquq norması mənzil məcəlləsindədir. Eyni zamanda həmin məcəllədə deyilir ki, binanın idarəetmə orqanı sakinlərin( sahə mülkiyyətçisi adlandırılır) ümumi yığıncağıdır. Bütün qərarları sakinlər özləri verməlidirlər. Hər mənzilin mülkiyyətçisi şəxs özüdür. Amma binanın ümumi mülkiyyətləri də var. Bloklar, pilləkan, çardaq, zirzəmi, avtodayanacaq və s. ümumi mülkiyyətdir. Bunları idarə etmək üçün sakinlər özləri toplaşıb idarəetmənin üsulunu seçməlidirlər. Onlar ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmalıdırlar, ( hansı ki, qeyri- kommersiya hüquqi şəxsdir, Ədliyyə Nazirliyində qeydiyyata alınır) həmin rəhbər binanı idarə edir. Yaxud da, sakinlər ümumi idarəedici bir təşkilat cəlb edir və həmin cəmiyyətə binanın saxlanması üçün aylıq pul ödəyirlər. Bu pul binanın tələbatına görə müəyyən olunur. Binanın bəzi yerləri icarəyə verilir".
Hüquqşünas əlavə edib ki, buna da ümumi yığincaq qərar verməlidir:
"Amma təəssüf ki, praktikada buna riayət olunmur. Binanı tikən MTK qanunu pozaraq ləğv olunmur, idarəetməni davam etdirir. Bəziləri isə, başqa bir hüquqi şəxs yaradırlar, (MMC) gəlib sakinlərlə müqavilə bağlayıb başlayırlar binanı idarə etməyə. Bizim xalqın özündə idarəçilik ənənəsi, mədəniyyəti yoxdur. Bu tədricən əmələ gələn məsələdir, olacaq inşallah! Qanun tələb edir ki, binanı sakinlər idarə etməlidirlər. Mənim öz yaşadığım binada da eyni problemlər yaşanır.Biz MTK nın qanunsuz fəaliyyəti ilə bağlı məhkəməyə müraciət erdik. Xətai Rayon məhkəməsi iddiamızı təmin etmədi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovanın sədrliyi ilə 10 fevral tarixində iddiamız təmin olundu. Bu möhtəşəm bir qərardır. Başqa binaların sakinləri də yəqin ki, belə qanunsuzluqları aradan götürməyə cəhd edəcəklər".
Rəna Həsənova