"İlkin mərhələdə ola bilsin ki, tələbat olsun, amma sonradan, adətən belə hallar tez unudulur".
Bunu Faktmedia.az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspert əlavə edib ki, 2000-ci ilin təcrübəsi göstərdi ki, əvvəl həyət evlərinə axın oldu, lakin sonradan həmin hadisə yaddaşlardan silindi və yenidən insanların axını mənzil bazarına oldu:
"Bu gün mənzil alanlar əsasən gənc nəsildir. Gənc nəsil həyət evlərində yaşaya bilmir. Nəzərə alsaq ki, həyət evləri adətən şəhər mərkəzindən uzaqda yerləşir, infrastruktur problemi olur və bu da ailədə hər ikisi işləyən, uşaqları bağçaya, yaxud da məktəbə gedən gənc ailələr üçün bəzi problemlər yaradır. Məhz buna görə də gənc nəsil şəhərin aktiv hissələrində yerləşən yaşayış yerlərindən mənzil alır. Həyət evlərinə ən çox yaşlı nəsil həvəs göstərir, çünki onları sağlam və sakit həyat maraqlandırır. Mən düşünmürəm ki, hazırki vəziyyət həyət evlərinə tələbatı artırsın".
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdən sonra sosial şəbəkələrdə bina evləri ilə bağlı paylaşımlar edilir. İnsanlar düşünür ki, belə hadisələr qaçılmazdır. Bu halda həyət evləri daha az risklidir.
Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-ə çatıb. Təbii fəlakət nəticəsində yaralananların sayı isə 38224-ə yüksəlib.
Rəna Həsənova