Azərbaycanda daşınmaz əmlakın sığortalanması əvvəlki illərdə daha zəif idi, çünki bu sahə ilə bağlı maarifləndirmə işləri az aparılırdı və bundan da əlavə, hər hansı bir daşınmaz əmlakın sığortalana bilməsi üçün mütləq şəkildə onun mülkiyyət hüququnu təsdiq edən sənəd-çıxarış olmalıdır.
Bunu Faktmedia.az-a daşınmaz əmlak məsələləri üzrə ekspert Enur Fərzəliyev deyib. O bildirib ki, bu gün təkcə Bakı şəhərində 500 minə yaxın çıxarışı olmayan fərdi həyət evləri və çox sayda yeni tikili binalar var ki, həmin evlər sığortalana bilmir:
"Əvvəlki illərə nisbətən hər il kredit, yaxud da ipoteka yolu ilə satılan daşınmaz əmlakın sayı günü-gündən artır. 2022-ci ilə nəzər salsaq satılan daşınmaz əmlakın böyük bir hissəsinin ipoteka, yaxud da kreditlə satıldığını görərik. Hər hansısa bir əmlakın kreditli yollarla satılması üçün onun mülkiyyət hüququnu təsdiq edən sənəd-çıxarış olmalıdır və mütləq şəkildə bank həmin mənzili ipoteka krediti bitənə qədər hər il məcburi sığorta etdirməlidir. Sığortalama prossesi məcburi də olsa, bu sahədə davam edir. Dünyada baş verən prossesləri, təbii fəlakətləri nəzərə alsaq, insanlar arasında daşınmaz əmlakın sığortası ilə bağlı ciddi təbliğat işləri aparılmalıdır. Vətəndaş başa düşməlidir ki, əgər mənzilinin sığortası varsa ,hansısa bir təbii fəlakət baş verərsə, o zaman əmlaka dəyən zərəri sığorta şirkəti ödəyir. Hal-hazırda Bakı şəhərində evlərin, mənzillərin, qeyri-yaşayış obyektlərinin çox böyük bir hissəsi icarədədir. Bölgələrdən işləmək üçun gələnlər, tələbələr kirayə evlərdə yaşayırlar. Belə icarədə olan əmlakların sığortası daha vacibdir. Əmlak sahibi düşünməlidir ki, hər ay icarə haqqından gəlir əldə edirsə, bir aylıq həmin gəlirin çox az hissəsini ödəməklə əmlakını sığorta etdirsin və hansısa bir təbii fəlakət baş verərsə əmlakına dəyən zərər sığorta şirkəti tərəfindən qarşılansın. Ümumilikdə sığorta sahəsinin inkişafı yeni sığorta şirkətlərinin yaranmasına və eyni zamanda yeni iş yerlərinin açılmasına şərait yaradacaq".
Rəna Həsənova