“Bakıda yeni tikiləcək binaların azmərtəbəli tikilməsi ilə bağlı təkliflər olunur, amma ümumi baxsaq bu məsələnin gərçəkləşməsi real görsənmir”.
Bu sözləri Faktmedia.az-a danışan Elnur Fərzəliyev Milli Məclisin deputatı Vahid Əhmədovun Azərbaycanda doqquz mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir açıqlamasına münasibət bildirərkən deyib.
O bildirib ki, halhazırda Bakıda və Bakı ətrafında çoxmənzilli yaşayış binalarının tikilməsi üçün yararlı torpaq sahələri çox məhdud saydadır:
“Satışda olan torpaq sahələrinin qiymətləri çox fantastik qiymətlərədir. Yəni yeni binanın tikintisi üçün yararlı 1 sot torpaq təqribi 50 mindən 150-200 min manat arası dəyişir. Hansı ki, 1 binanın tikilməsi üçün təqribi 1 hektar ərazi tələb olunursa, bu da artıq 1 binanın tikintisinə ortalama 10 milyon manat xərclənməli olduğu mənasına gəlir. Tikinti şirkətləri daha çox pilot layihələri üzrə köhnə binaların tikintisinə önəm verirlər. Yəni istismar müddəti bitmiş binaları sökürlər və onun yerində yeni binalar inşa edirlər. Təbii ki, həmin köhnə binalar sökülən zaman mütləq şəkildə o sakinlərə bina tikilib təhvil verilən günə qədər kirayə pulu verilir. Bina tikilib təhvil verildikdən sonra həmin binalardan daha geniş sahəsi olan mənzil verilir ki, bu da vətəndaşlar üçün əlverişlidir. Lakin bu halların olması tikinti şirkətlərinə çox baha başa gəlir və bu şirkətlər də məcburən qoyduqları xərci götürməkçün, əlavə qazanc əldə etmək üçün və vətəndaşları sökdükləri evlərinin yerinə yeni evlə təmin edə bilməkləri üçün məcburən həmin binaları 15, 16, 18 mərtəbəli tikirlər. Bu zaman həm vətəndaşların ev problemi ortadan qalxır, həm də şirkətlər üçün bu əraziləri söküb tikmək maraqlı olur. Çünki orada onların bir maddi maraqları da olmalıdır”.
Ekspert qeyd edib ki, binaların 9 və ya daha az mərtəbəli tikilməsi üçün dövlət həmin köhnə yaşayış binalarını sökməli, insanlara konpensasiya verməli, və ya onları başqa ərazidə evlə təmin etməlidir ki, həmin ərazilər yenidən tikinti şirkətlərinə verilsin və bu ərazilərdə dövlətin verdiyi layihə üzrə binalar tikilib satılsın:
“Əgər, konkret olaraq Bakı şəhərində 9 mərtəbədən, 8 mərtəbədən yuxarı bina tikintisinə icazə verilməsə, o halda bina tikən şirkətlər məcburən tikdikləri binalardaki mənzillərin qiymətlərini bu günki bazar dəyərindən 2-3 dəfə baha satmalıdırlar. Bu gün ortalama paytaxt ərazisində, ərtafında mənzilin 1 kvadratmetri 1500-2000 manat arasıdırsa, az mərtəbəli bina olarsa ən azından həmin mənzillərin 1 kvadratmetri təqribi 3000, 4000, 5000 manat arası dəyişəcək. Bu da vətəndaşların həm narazılığına səbəb olacaq, həm də o qiymətə mənzil almaq artıq əlçatan olmayacaq. Bu da tikinti şirkətlərinin süqutuna gətirib çıxara bilər”.
Qeyd edək ki, deputat bildirib ki, çoxmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb:
“Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində doqquz mərtəbədən hündür binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdikləri üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi, dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır”.
Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 45 min insan həyatını itirib. Türkiyə hökuməti baş vermiş hadisədən sonra çoxmərtəbəli binaların tikintisinin qarşısının alınacağı barədə qərar qəbul edib. Bundan sonra Azərbaycanda da çoxmərtəbəli binaların inşası müzakirəyə çıxarılıb.
Bəsti Məmməd