"Bəzi yeniyetmələr və gənclər çox vaxt yaşadıqları deyil, xəyal etdikləri həyatı ilə sosial mediada gündəmdə olurlar".
Bunu Faktmedia.az-a açıqlamasında fəlsəfə doktoru, dosent, sosioloq Kifayət Ağayev deyib.
O, açıqlamasında həmçinin əlavə edib:
"Sanki özlərini olduqlarından daha imkanlı, daha cəsarətli və üsyankar göstərmək istəyirlər. Özlərindən zəifləri əzməklə, alçaltmaqla gündəmdə olur. Ən acınacaqlısı odur ki, bunu çox vaxt kiçik yaşlı uşaqların yanında edirlər. Tez-tez canlı yayınlar açıb maliyyə məqsədilə ya yarışlar keçirir, ya da arqo ifadələrdən istifadə etməklə tez bir zamanda məşhurlaşmağı bacarırlar".
Onun sözlərinə görə, əvvəllər dörd divar arasında pıçıltı ilə danışılan mövzular sosial şəbəkələrdə açıq şəkildə müzakirə olunur: "Qarşılarında olan məqsəd isə hansı şəkildə olursa olsun fərqli görünmək, məşhurlaşmaq və pul qazanmaqdır".
Sevinc Hüseynova