Son günlər ölkədə qrip virusu geniş yayılıb. Bu qrip virusu sağaldıqdan sonra təkrar yoluxdurma qabiliyyətinə malikdir.
Bu barədə Faktmedia.az-a danışan infeksionist Leyla Əmrahova deyib ki, tənəffüs yolları infeksiyaları, əsasən hava-damcı, hava-toz yolu ilə yoluxur. İnfluenza, parainfluenza, rinovirus, adenovirus, respirator sinsitial virus, Covid-19, su çiçəyi, qızılca, məxmərək, parotit tənəffüs yolu infeksiyalarıdır:
"Yoluxucu xəstəliklərin bir neçə dövrü olur. Birincisi inkubasiya dövrüdür. Bu dövr mikrobun orqanizmə düşdükdən klinik əlamətlərin üzə çıxmasına qədər olan dövrdür. Hər xəstəliyin özünəməxsus uzunluqda inkubasion dövrü olur. Məsələn, qida toksiki infeksiyalarında inkubasion dövr qısa olur, bəzi infeksiyalarda isə bu dövr daha uzun olur.
Prodromal dövrdə yoluxucu xəstəliklərə xas ümumi əlamətlər müşahidə olunur. Bu əlamətlərə temperatur, halsızlıq, iştahasızlıq, ürəkbulanma, qusma, baş ağrısını göstərmək olar.
Klinik əlamətlər dövrü isə hər bir xəstəliyin özünəməxsus klinik əlamətlər müşahidə olunur. Məsələn suçiçəyi xəstəliyində dəri və selikli qişalarda polimorf (suluq, papula, qabıq) qaşınan səpkilər meydana çıxır, qızılca xəstəliyində makulopapulyoz səpki, influenzada burun tutulması, burun axması, boğaz ağrısı, öskürək və s olur. Parotitdə ağız suyu vəzilərində şişmə, ağzın açılması zamanı ağrının olması və s halları baş verir. Bundan başqa yoluxucu xəstəliklərdən qorunmaq üçün gigiyenik qaydalara da riayət etmək lazımdır. Əllərimizi tez-tez yumağı, toplu yerlərdə maskadan istifadə etməyi də unutmamalıyıq. Meyvə, tərəvəzləri yaxşı yumalı, yaxşı bişməmiş ətdən uzaq durmalıyıq".
Havar Şəfiyeva