Azərbaycanda qrip virusu yayılıb. Ən çox da uşaqların yoluxduğu bu virus çox gec keçir. Apteklərdə isə qripə qarşı dərmanlar yoxdur. Olan da baha qiymətə satılır.
Mövzu ilə bağlı Faktmedia.az-a danışan həkim ekspert Aydın Əliyev deyib ki, hər il olduğu kimi, bu il də mövsümi qrip xəstəliyi yayılıb:
"Hər hansı bir xəstəlik yayılanda ölkənin bu məsələyə cavabdeh olan qurumları (Səhiyyə Nazirliyi, TƏBİB) xüsusu labaratoriyalarda araşdırmalar aparmalıdırlar. Onlarla xəstədən analiz nümunələri götürülüb tədqiq edilməli, konkret olaraq hansı virusun yaxud da xəstəliyin yayılması barədə elan olunmalıdır. Dərmanlarla bağlı isə, ölkədə çox ciddi problem yaşanır. Vacib səbəblərdən biri ölkəmizdə dərman istehsalının olmamasıdır. Nə qədər idxal etsək də, yenə də qıtlıq yaranır. İdxalda monopoliya var, azad rəqabət yoxdur. Hər hansısa bir iş adamı xarici istehsalçıdan ucuz qiymətə dərman preparatı idxal edə bilər. Amma hələ ki, ölkəmizdə belə idxal yoxdur və ona görə də dərman qıtlığı yaşanır. Hindistanda 1 dollara olan dərman preparatlarını alıb Dubaya gətirib 5 yaxud 10 dollara rəsmiləşdirilir, yəni aralıq şirkət yaradırlar, oradan da Azərbaycana idxal olunur ki, bu da süni qiymət artımına səbəb olur. İdxal edilən dərmanların keyfiyyətinə nəzarət çox aşağı səviyyədədir. Cavabdeh səhiyyə qurumları tərəfindən yaxşı yoxlanılmır, ona görə də dərmanların keyfiyyəti aşağıdır. Dərmanların saxlanma şəraitində də problemlər var. Dərmanlar strateji məsələdir, insan sağlamlığına xidmət edir. Bu sahəyə cavabdeh qurumlar ciddi nəzarət etməlidirlər".
Rəna Həsənova