Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür. Bəs bu gün insanlar bir-birinə hansı kitabları hədiyyə edirlər, hansı kitablara daha çox üstünlük verirlər?
Faktmedia.az mövzu ilə bağlı naşirlərə, kitabçılara müraciət edib.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib ki, kitablardan yararlananlar daha çox gənclərdir:
“Onlar daha çox bir-birinə öz həyatlarını əks etdirən, eyni zamanda inkişaf kitabları hədiyyə edirlər. Amma artıq məktəblilər də bu işə qoşulublar və bir-birlərinə kitab bağışlayırlar. Uşaq ensklopediaları, yeniyetmələrin həyatından bəhs edən kitablar, “Harri Potter”, “Persi Cekson” üstünlük verilən kitablardır. Kitab hədiyyə etmək yaxşı bir iş, yaxşı bir fəaliyyət, çox yaxşı bir örnəkdir. Cəmiyyətin bütün təbəqəsi kitab hədiyyə etməyi öz həyatına gətirməlidir”.
“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli isə bu günün, əsasən uşaqlar üçün olduğunu vurğulayıb:
“Bu gün daha çox uşaqlar üçün kitab hədiyyə edilir. Ümumiyyətlə, bu bayramın elə əsas hədəfi, məqsədi də elə uşaqlara kitab hədiyyə etməkdir. Mən çox istərdim ki, bizdə də bu bayram bayram kimi qəbul olsun və insanlar bunu ənənə olaraq həmişə davam etdirsinlər, bir-birlərinə kitab hədiyyə etsinlər. Əsasən də uşaqlara”.
Bəsti MƏMMƏD