"Ermənistanda son hadisələrlə bağlı mitinqlərin baş verməsi ilk baxışda bizdə elə bir rəy formalaşdırır ki, guya orada nə isə ciddi bir dəyişiklik olur. Əslində elə deyil. Amma güman etsək ki, dəyişiklik baş verəcək və Paşinyanı istefaya göndərəcəklər, burada Rusiyanın hal-hazırda başı Ukraynaya qarışdığından, Ermənistanda hələlik Paşinyanı əvəz etmək üçün dəstəkləyəcəyi hansısa bir ciddi namizədi yoxdur. Rusiyanın yeganə emissarı olan Ruben Vardanyan idi ki, onu Xankəndiyə göndərmişdi, o da burada əvvəlcə "dövlət katibi" oldu, amma tez bir zamanda Azərbaycanın tələbi ilə "vəzifədən" çıxarıldı".
Bu fikirləri Faktmedia.az-a araşdırmaçı jurnalist Mübariz Əhmədov deyib. O, əlavə edib ki, Rusiyanı güman etdiyi adam yalnız Vardanyan idi və perspektivdə onu Qarabağda qondarma "Artsax Respublikası"nın prezidenti etsin, sonradan isə Ermənistanın baş nazirinə çevirsin:
"Moskvanın planı bu idi. Bu plan iflasa uğrafı. Bilirik ki, Paşinyan qərbyönümlüdür, İrəvanda da əvvəlki rəhbərlər – Köçəryanla Sarkisyan nə qədər Rusiyayönümlü olsalar da, onları Ermənistan cəmiyyəti özü qəbul etmir. Onlar nə qədər canfəşanlıq etsələr də, Ermənistan cəmiyyəti onları yenidən öz rəhbərləri etməyəcəklər. İndi hadisələrin gedişatı zamanı Rusiya çalışacaq ki, orda özünə sərf edən yeni bir "fiqur" tapsın, amma görünən odur ki, Ermənistan cəmiyyəti hal- hazırda gedən mitinqlərdə ən çox, "Bizə nə Qərbyönümlü, yəni nə Qərbin adamı, nə də Moskvanın adamı lazımdır. Bizə öz içimizdən olan, milli, öz xalqını düşünən rəhbər lazımdır", - deyirlər. Ona görə Rusiyanın kimi dəstəkləməsini indidən müəyyən etmək hələ tezdir. Gələcəkdə "əsas fiqurlar" ortaya çıxdıqdan sonra biz mütləq bir fikir irəli sürə bilərik ki, Rusiya konkret şəxs olaraq orda kimi görmək istəyir. Ola bilər ki, Rusiyanın orada nəzərdə tutduğu adam var, onu biz hələ bilmirik, tanımırıq. Digər tərəfdən də Ermənistan xalqı əgər bilsə ki, onun səs verəcəyi adam Moskvanın adamıdır, mən hesab edirəm ki, ona səs verməyəcəklər, çünki qeyd etdiyim kimi, onlar milli bir adamın olmasını daha çox istəyirlər".
Rəna Həsənova