"Ruben Vardanyanın Azərbaycanın Qarabağ bölgəsində qalması mümkünsüzdür və cənab Prezident də bunu dilə gətirdi. Artıq konkret olaraq deyildi ki, Vardanyanı oraya Rusiya göndərib, Rusiya da geri çəkməlidir".
Bunu Faktmedia.az-a millət vəkili Razi Nurullayev Prezidentin Münhen çıxışını şərh edərkən deyib. Deputat əlavə edib ki, əgər geri çəkməsə heç bir danışıqlardan söhbət gedə bilməz:
"Demək ki, o zaman Azərbaycan bu məsələni güc yolu ilə həll etməyə çalışacaq və güc yolu ilə həll etmək iqtidarındadır. Bu məsələ ilə bağlı artıq son qətiyyətli mesaj verildi. Bu günə qədər Rusiya tərəfi ümid edirdi ki, Azərbaycan Vardanyana qarşı mövqeyini yumşalda bilər. Bundan istifadə edən onun Rusiyadakı tərəfdarları düşunürdülər ki, öz mövqelərini həyata keçirə biləcəklər. Yəqin ki, yaxın günlərdə biz Vardanyanın Qarabağda vəziyyətinin çətinləşməsinn, istefasının, yaxud da istefaya çağırılmasın şahidi ola bilərik".
R. Nurullayev bildirib ki, Azərbaycanla Ermənistanın bu məsələdə mövqeyi üst-üstə düşür:
"Hal-hazırda Ermənistanda olan Paşinyan hökuməti çox gözəl bilir ki, Vardanyan indiki hakimiyyətin düşmənidir. Qarabağdan sonra İrəvana yerləşmək, hakimiyyəti ələ keçirib Rusiya siyasətini aparmaqdır. Ona görə də Paşinyan hökuməti Vardanyanı istəmir, onun rədd olub getməsinin tərəfdarıdır. Düşünürəm ki, Vardanyanın vəziyyəti çətinləşib. Rusiya təkcə ona görə Azərbaycanla münasibəti pozmaq istəməyəcək. Vardanyan oğru, korrupsioner oliqarxdır. Siyasətdən anlayışı yoxdur. Rusiyanın onun qarşısında qoyduğu layihəni həyata keçirmək iqtidarında olmadığını sübut etdi. Bir sözlə, tezliklə Vardanyan dövrü bitəcək".
Qeyd edək ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Rəna Həsənova