"Baydenin Ukraynaya səfərini və Zelenski ilə görüşünün, Ukraynaya dəstək fikirlərinin Ukrayna xalqı üçün faciələri daha da artıra biləcəyini düşünürəm. Baxmayaraq ki, bununla Amerikanın birbaşa dəstəyinin daha da artacağı ilə bağlı fikirlər də səsləndirilir. Düşünürəm ki, bu Rusiyanı qızışdıran bir davranış ola bilər".
Bunu Faktmedia.az-a Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
M. Göyüşlü əlavə edib ki, Çin lideri ilə Rusiya prezidentinin görüş məsələsi hesab edirəm ki, müharibənin dayandırılmasına gətirib çıxarmayacaq:
"Biz gedişatın uzanağının şahidi ola bilərik. Onsuz da Rusiya bu məsələdə qətiyyətlidir, inanmıram ki, hansısa dövlət, hətta Çin belə Rusiyanı müharibəni davam etdirmək fikirdən çəkindirə bilsin. Bir il tamam olur, qüvvələrin tükənməsinə baxmayaraq Rusiya heç cür geri çəkilmir. Düzdür bu müharibənin olması Çin üçün o qədər də sərfəli görünməyə bilər. Baxmayaraq ki, bu müharibənin davam etməsini Çinin istədiyini söyləyənlər də var. Amma müharibənin mövcudluğu və bu qədər uzanması Rusiyanın zəiflənməsinə gətirib çıxarır.
Rusiyanın zəifləməsi nəticəsində yaranan boşluğu Çinin açıq qarşıdurmada olduğu ABŞ-ın və bəzi Avropa ölkələrinin doldurması təhlükəsi var. Bu da Çinə sərf etmir. Baxmayaraq ki, birmənalı şəkildə Çinin Rusiyanı dəstəklədiyini də söyləyə bilmərik. Amma ümumən Çin Rusiyanın tam zəifləməsini və onun yerinin Qərb dövlətlərinin tutmasını istəmir. İki liderin görüşünün müharibəni bitirəcəyi ilə bağlı prognozlar özünü doğrultmayacaq. Rusiya Çinlə təmaslardan sadəcə olaraq daha çox dəstək almaq istəyir. Çünki Rusiya dünyada təklənmiş durumdadır. Güman ki, əsas müzakirə mövzusu bu olacaq, müharibəni dayandırmaq yox".
Havar Şəfiyeva