"Çin liderinin Rusiyaya səfərinin Baydenin Ukraynaya səfəri ilə birbaşa əlaqəsi olmasa da, hər iki səfərin mərkəzində Rusiya – Ukrayna müharibəsinin dayandığı məlumdur. Hələ yanvar ayında rəsmi Pekin yaxın vaxtlarda Çin liderinin Rusiyaya səfər etməyə hazırlaşdığının anonsunu vermişdi və elə o zaman deyilmişdi ki, Çin müharibənin başa çatması üçün fəal rol oynamaq istəyir. Pekinə görə Sinin Putinlə görüşü çoxtərəfli sülh danışıqları üçün impulsun bir hissəsi olacaq".
Bunu Faktmedia.az-a politoloq Rəşad Bayramov deyib. Politoloq bildirib ki, əslində Çinin Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı istəkləri başa düşüləndir:
"Çünki Çin Rusiyanın Ukrayna bataqlığında hər keçən gün daha da zəiflədiyini və bu gedişlə məğlubiyyətin qaçılmaz olduğunu görür. Pekin başa düşür ki, Rusiyanın tamamilə zəifləməsi və super güc olaraq ortadan çıxmasından sonra hədəfdə Çin olacaq və bu zaman ABŞ və onun Avropadakı müttəfiqləri ilə artıq güclü Rusiya kimi müttəfiq olmadan təkbaşına dayanmaq məcburiyyətində qalacaq.
İkinci bir tərəfdən Ukraynadakı müharibə Çin üçün həlli asan olmayan və ya çözülməsi elə də rahat olmayacaq bir sıra problemlər yaradıb. Belə ki, Avropada Rusiya ilə müharibənin başlaması ilə meydana gələn enerji böhranı yaşayış rifahına da öz təsirini göstərib və bu da avropalı istehlakçıların daha az Çin malları almasına gətirib çıxarıb. Həmçinin, Çinin Rusiyanın Ukrayna işğalını açıq şəkildə pisləməkdən imtina etməsi Pekinin Qərblə münasibətlərində gərginlik yaradıb. Çinin iki ən böyük ticarət tərəfdaşının ABŞ və Avropa İttifaqı olduğunu nəzərə alsaq vəziyyət Çin iqtisadiyyatı üçün elə də ürəkaçan deyil. Odur ki, Çin artıq bir müddətdir ki, bu münasibətlərin bərpa olunması və eləcə də Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün müəyyən addımlar atmağa başlayıb. Buna 2022-ci il ərzində Rusiyaya hər hansı bir yeni Çin investisiyalarının qoyulmamasını misal göstərmək olar. Təbii ki, bu addım Çinin ehtiyatlı mövqeyinə və ABŞ-ın yeni bir beynəlxalq sanksiya dalğasına tuş gəlməmək səylərinə dəlalət edir. Və ya Çinin BMT Təhlükəsizlik Şurasının keçən il keçirilən iclasında Moskvanı pisləyən qətnamənin əleyhinə səs vermək əvəzinə bitərəf qalması da Pekinin bu istiqamətdə təmkinli bir mövqe xətti tutduğuna işarədir".
Politoloq əlavə edib ki, Çinin sülh təşəbbüslərinin müharibənin gedişinə nə kimi təsir edəcəyini təbii ki, zaman göstərəcək:
"Amma Pekinin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış etməsi halında, Çinin Rusiya üçün çəkindirici amil olma ehtimalı kifayət qədər yüksəkdir. Elə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bundan bir müddət əvvəl bu məsələ ilə bağlı mövqe bildirərək Münxen konfransı zamanı Çin nümayəndəsi Van Yi ilə söhbəti səbirsizliklə gözlədiyini demişdi.
Artıq həmin görüş baş tutub və Çin liderinin müşaviri Vanq Yi Çinin Ukrayna ilə bağlı sülh planını Ukrayna tərəfinə təqdim edib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin sülh modeli ilə bağlı təqdim etdiyi təkliflərin rəsmi Kiyev tərəfindən təhlil edəcəyini bildirib. Pekinin sülh modelinin detalları barədə konkret məlumat olmasa da indi Çin liderinin Rusiyaya səfəri zamanı müvafiq təkliflərin Putinlə də müzakirə olunacağı şübhəsizdir.
Rəna Həsənova