"Əvvəla, onu deyək ki, Ermənistanın Rusiyaya qarşı çıxması ilə əlaqədar hansısa fakt yoxdur. Ermənistan və Rusiya rəsmiləri hər dəfə hərbi-siyasi müttəfiq olduqlarını daha gur şəkildə bildirir, xatırladırlar. Ermənistan daha çox Kremlin projesi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hələ də üzvüdür. Rusiya hərbi bazaları hələ də Ermənistan ərazisindədir, çıxarılmayıb. Ermənistanın bir neçə ölkə ilə sərhədlərini də Rusiya hərbçiləri mühafizə edir. Bu mənada, rəsmi İrəvanın guya Rusiyaya əks getməsi ilə bağlı deyilənlərlə tam razı deyiləm".
Bunu Faktmedia.az-a Azərbaycan Yüksəliş Partiyası Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi deyib. O bildirib ki, Ermənistanda 2018-ci ildən bu yana hakimiyyətdə olan Nikol Paşinyan iqtidarı daha çox Avroatlantik məkana inteqrasiya kursu müəyyənləşdirmək çabası içindədir:
"Çünki Rusiya postsovet ölkələrinə və qonşu dövlətlərə son 30 ildə heç nə verə bilmədi və indi də Ukraynaya münasibətdə baş verənlər göz qabağındadır. Bundan öncə də Gürcüstanı parçalaması hər kəsi ruslarla məsafə saxlamağa ciddi səbəblər yaradır. Özünə umac ova bilməyən, başqasına necə əriştə kəssin axı? Əsas səbəbi də budur ki, son 30 il ərzində Rusiyanın forpostu olması Ermənistan dövlətinə nə sosial-iqtisadi, nə humanitar, nə hərbi-siyasi, nə də regional planda zərrə boyda xeyir qazandırmadı. Ən son Qarabağda məğlubiyyət isə bardağı daşıran son damla oldu. Bu azmış kimi, ölkənin daxilində əksər strateji sahələri daha çox öz maraqlarını güdən Rusiya dövlət şirkətləri idarə edir. Bu, bir dövlət adına, sadəcə, biabırçılıqdır.
Ermənistan, dövlət olaraq, son 30 ildə bütün sahələr üzrə ciddi mənada geriləmələr yaşayır və bunu görən yeni siyasi hakimiyyətin yeni kurs, yeni sistem axtarışında olması təbiidir. İnsanlar pis yaşayış şəraitindən, kasıblıqdan, yoxsulluqdan bezib, yorulub sürətlə ölkəni tərk edirlər. Birazdan Ermənistanda adam qalmayacaq deyəndə, boşuna danışmırlar, faktlar var. Paşinyan yeni axtarışlar içində bütün bu mənfi gedişatı dayandırmaq istəyir. Yaxşı da anlayır ki, indən belə Rusiya Ermənistana heç nə ilə kömək edə bilməyəcək, ona görə ki, Rusiyanın özünün, Ukraynada apardığı işğalçı mübaribəyə görə, başı dərddədir. Elə bir vəziyyət yaranıb ki, heç bir ölkə beynəlxalq hüququ saymayan, hərbə-zorbalıq edən Rusiya ilə münasibət qurmaq istəmir. Çünki, harda ki, Rusiya var, orada ciddi problemlər var, qan-qada var. Harda ki, Rusiya var, orada gerçək inkişafa, tərəqqiyə maneələr var, avtoritarizm var, diktatura var, hüquqsuzluq, istibdad, korrupsiya, rüşvət var. Ermənistan isə ölkəni geri salan bütün bu eybəcərliklərdən qurtulmaq istəyir. Bu mənada baş nazir Nikol Paşinyanın hər vəchlə ölkəsini Rusiyanın qanlı caynaqlarından xilas edib, Qərblə və Türkiyə ilə normal münasibətlər qurmaq istəməsini başa düşmək olar".
Havar Şəfiyeva