"Paytaxt Bakı şəhərinin ən son planı 1986- cı ildə hazırlanıb və təsdiq olunub. 86-cı ildən bu günə qədər paytaxt əhalisinin sayı demək olar ki, 3 dəfəyə qədər artıb və tikintilərin həcmi o dövrə nisbətən daha çoxdur. Biz təqribi 90-cı illərə qədər nəzər salsaq, həmin illərdə sadəcə bəlli bir ərazilərdə mağazalar, iaşə obyektləri var idi ki, bu da yaşayış massivlərindəki əhalinin sayına uyğun olaraq həmin ərazilərdə bəlli bir sayda tikilib, həmin qeyri-yaşayış obyektləri istifadə olunurdu. Lakin, hal-hazırda paytaxt Bakı şəhəri həddindən artıq yüklənməsinə baxmayaraq, ara küçələrin və yaxud da mərkəzi yolların genişləndirilməsi daha az sayda, az həcmdə aparılır".
Bunları Faktmedia.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert əlavə edib:
"Bunun tam əksi olaraq demək olar ki, yol kənarı bütün binaların 1-ci mərtəbələri və zirzəmilər qeyri-yaşayış obyektlərinə çevrilir və əlavə olaraq şəhərin müxtəlif ərazilərində yola yaxın ərazilərdə şadlıq evləri, böyük ofis mərkəzləri tikilir ki, bura da mütəmadi olaraq kütləvi surətdə insan axını olur və böyük əksəriyyət şəxsi avtomobilləri ilə gəlirlər. Bu səbəbdən də ciddi şəkildə sıxlıq yaranır. Sovet dövründən qalmış binaların həyətlərində olan avtodayanacaqlar, hətta böyük binaların həyətlərinin böyük bir hissəsi artıq zəbt olunaraq yaşayış massivlərinə və qeyri- yaşayış obyektlərinə çevrilib ki, burada da insan kütləsinin və avtomobil sayının həcmi həddindən artıq böyük olduğuna görə paytaxt ərazisində xüsusən, bu cür sıxlıqlar müşahidə olunur. Bu cür sıxlıqların qarşısının alınması üçün təbii ki, bu tikintilərə zamanında icazə verilməməliydi. Hal- hazırda demək olar ki, mümkün olan nə qədər birinci mərtəbədə yolkanarı mənzillər varsa onların böyük əksəriyyəti, təxminən 80- 90 faizi artıq qeyri-yaşayış obyektinə çevrilib ki, bu da sıxlıqlara və tıxaclara səbəb olur. Digər tərəfdən də, hər hansı vətəndaş iaşə obyektinə, marketə alış- veriş üçün gələndə avtomobili yol kənarında saxlayır və buna görə həmin vətəndaşın avtomobili cərimələnir. Bu da haqlı narazılığa səbəb olur. Həm vətəndaş narazı qalır, eyni zamanda, vətəndaş qanun pozuntusuna yol verir. Bütün bunların baş verməməsi üçün həmin iaşə obyektləri yoldan kənarda tikilməli və yaxud da onların park yerləri olmalıdır. Bunların heç biri olmadığına görə narazılıqlar yaranır. Düşünürəm ki, gələcəkdə hər hansı bir ərazidə tikinti işləri aparılan zaman mütləq şəkildə bu cür normativlərə əməl olunmalıdır. Əgər bu normativlərə əməl olunmasa, gözləntilər daha mənfi formada olacaq. Bu səbəbdən şəhərin baş planının hazırlanması prossesi həddindən artıq gecikib. Kecikməsinə baxmayaraq, tikilməyən ərazilər hələ də qaldığına görə müəyyən normativ qaydalara əməl olunmalıdır. Əks halda mənzərə bu günkü kimi göz qabağında olacaq".
Rəna Həsənova