"Azərbaycanda yaşayış evlərinin icbari sığortası artıq uzun müddətdir ki, qüvvədədir. Baxmayaraq ki, icbari sığortanın icrasında həm fiziki, həm də hüquqi şəxslərə cərimələr də nəzərdə tutulub, amma demək olar ki, yaşayış evlərinin icbari sığortası tam tələb olunan səviyyədə aparılmır".
Bunu Faktmedia.az-a daşınmaz əmlak eksperti Nüsrət İbrahimov deyib.
Ekspert əlavə edib ki, bununla belə əvvəlki illərə nisbətən sığorta etdirilən yaşayış evlərinin sayı artmaqdadır:
"Bəzi sığorta şirkətləri ünvanlara getməklə, bəziləri isə reklamlara, marketinq yanaşmalara üstünlük verməklə icbari sığortaya cəlb edirlər. Diğər tərəfdən ölkədə ilbəil daşınmaz əmlak üzrə alqı- satqıların sayı artır və notarial qaydda da yaşayış evlərinin icbari sığortası aparılır. Təbii ki, inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə bizdə və bizim kimi bəzi ölkələrdə də bu faiz nisbətən aşağıdır, bu da ondan irəli gəlir ki, hələ bizdə sığorta ənənəsi formalaşmayıb. Sovet dövründə daşınmaz əmlakın mülkiyyətçisi dövlət idi. Bütün xərcləri dövlət öz üzərinə götürürdü, əhali isə, müvafiq dövlət qurumlarına mənzildə təmir aparılması və yaxud hər hansı bir qəza hadisəsinin aradan qaldırılması ilə bağlı yalnız məlumat verməli idi. Bu ənənə hələ də insanların beynində qalıb. Yəqin ki, müəyyən zaman keçdikcə bu da düzələr, amma hələ ki, istənilən səviyyədə deyil".
Rəna Həsənova