"Azərbaycanda demək olar ki, çox məhdud sayda insanlar, vətəndaşlar öz fərdi yaşayış evlərini sığortalayır. Bunun bir neçə səbəbi var. Evlərin sığortası çox az halda könüllü xarakter daşıyır, əsasən icbari qaydadadır. Alqı-satqı zamanı mənzilin sığortası yoxdursa, mənzil məcburi notarial qaydada sığortalanır".
Bu fikirləri Faktmedia.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib. Ekspert əlavə edib:
"Sığorta olunmayan mənzillərdə alqı- satqı aparılması mümkün deyil və buna görə də vətəndaşlar məcburi qaydada 50 manat ödəməklə daşınmaz əmlakın sığortasını həyata keçirirlər. Amma bu da 1 illik olur və 1 ildən sonra vətəndaşlar yenidən sığorta etmirlər. Doğrudur, qanunvericiliklə də, daşınmaz əmlakın sığortası icbari xarakter daşısa da, onu həyata keçirməyən mənzil sahiblərinə qarşı hər hansı bir cəza mexanizmi olmadığına görə, əmlak sahibləri də könüllü sığorta etdirməkdən boyun qaçırırlar. Sığortanın faydaları böyükdür. Vətəndaşlar bilməlidirlər ki, sığortalanmış mənzilə dəyən zərəri sığorta şirkəti qarşılayır. Sadəcə olaraq vətəndaşlarda sığortaya inam formalaşmadığından bir az etinasız yanaşırlar. Vətəndaşları buna təşviq etmək üçün sığorta şirkətləri bir çox işlər aparmalıdırlar, xüsusən inam yaratmalıdırlar. Vətəndaş əmin olmalıdır ki, doğrudan da onun əmlakına hər hansı bir zərər dəydikdə həmin zərər sığorta şirkəti tərəfindən mütləq şəkildə ödəniləcək. Yalnız bundan sonra vətəndaşlar sığortaya könüllü maraq göstərə bilər. Bəzən təhlükəsizlik qaydalarına əməl olunmadan tikilən fərdi yaşayış evlərini və çıxarışı olmayan bütün növ daşınmaz əmlakları sığorta etməkdən sığorta şirkətləri özləri imtina edirlər. Bu da həm fərdi yaşayış evlərinin, həm də mənzillərin sığortalanmasını minimuma endirir".
Rəna Həsənova