"Günəş enerjisindən, ümumiyyətlə alternativ enerjidən istifadə etmək üçün normal, geniş əhalini də içinə alan bir proqram qəbul olunmalıdır. Bizdə sənədləşmə ilə bağlı texniki problemlər var. Məsələn, vətəndaşlar öz damlarında belə, günəş panellərinin quraşdırılması ilə bağlı ciddi problemlə qarşılaşırlar".
Bunu Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib. Ekspert əlavə edib ki, texniki şərt almaq lazımdır, əlavə xərclər olur və bütün bu əngəllər alternativ enerji panellərindən istifadəni çətinləşdirən amillərdir:
"Azərbaycanda da bununla bağlı yeni qaydalar qəbul olunsa, əhaliyə, özü öz enerji ehtiyaclarını ödəmək üçün günəş panellərindən istifadə etmək və artıq qalan enerjini dövlətə satmaq kimi dünya praktikasında geniş yayılmış bir yanaşmaya imkan yaradılsa, mənə elə gəlir ki, bizdə də bu sahə ciddi inkişaf edər. Amma, burada bir önəmli məsələ var ki, bizim özümüzün istehsalla, texniki xidmətlə, proqram təminatı ilə bağlı mütəxəssislərə ehtiyacımız var. Biz bu sahədə gələcək üçün mütləq şəkildə mütəxəssis yetişdirməliyik. Biz mütəxəssislərdə, texnologiyalarda, istehsalda xaricdən asılı olmamalıyıq. Ona görə də.yerli istehsalın inkişafı, yerli mütəxəssislərin yaradılması və inkişaf etdirilməsi mütləq prioritet olmalıdır".
İqtisadçı Emin Qəribli isə hesab edir ki, alternativ enerji, günəş enerjisinin tətbiqi hələ yenidir, hələ bir o qədər də geniş vüsət almayıb:
"Yeni tətbiq olunduğuna görə ola bilsin ki, bəzi vaxtlarda, bəzi ərazilərdə avadanlıqlar uyğun olmadığına görə effekt verməyə bilər. Azərbaycanda bu sahə yenidir, müəyyən zaman keçdikdən sonra bu sahəyə yenidən baxılacaq, yeni avadanlıqlar tətbiq olunacaq və biz effektini görəcəyik. Bu enerjinin özünün əsas xüsusiyyəti də ondan ibarətdir ki, küləkli hava şəraiti olmalıdır. Havanı isə proqnozlaşdırmaq olmur, 30 gün külək olmaya bilər və yaxud da, əksinə 30 gün davamlı küləkli hava şəraiti də ola bilər. Mənə elə gəlir ki, gələcəkdə daha müasir, daha mütərəqqi texnologiyalar tətbiq olunmaqla bu sahə öz effektini verəcək. Hesab edirəm ki, hələ qısa zaman ərzində bu sahədə problemlər ola bilər. Amma, ümumiyyətlə Azərbaycanın bu sahədə gələcəyi, perspektivləri var və mən hesab edirəm ki, Azərbaycan bu sahədə ixtisaslaşacaq".
Rəna Həsənova