"İşğaldan azad edilmiş bütün ərazilərin tezliklə minalardan təmizlənməsi və düşmən tərəfindən yaşanılmaz hala salınmış şəhər və kəndlərimizin ən müasir yaşam standartlarına uyğun şəkildə yenidən tikilməsi ölkə başçısı tərəfindən dövlətin prioritet vəzifəsi olaraq müəyyənləşdirilib".
Faktmedia.az-a bunu deputat Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Laçın şəhərinə növbəti səfəri, vacib infrastruktur vahidlərinin açılışı və Laçınlı məcburi köçkünlərin öz evlərinə qayıdışı ilə bağlı verdiyi anonslar hədsiz sevinc və sonsuz minnətdarlıq hissi ilə qarşılanıb:
"Azad edilmiş torpaqlara qayıdış yalnız öz evlərinə qayıtmaq imkanı əldə etmiş soydaşlarımızı yox, bütün Azərbaycan xalqını sevindirir. Coğrafi baxımdan çox vacib strateji mövqedə yerləşən Laçının yenidən məskunlaşması Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın çox vacib mərhələsidir. Cənab Prezidentin şəxsi nəzarəti və bilavasitə yaxından iştirakı ilə həyata keçirilən quruculuq - abadlıq işləri yaxın illərdə bütün soydaşlarımızın öz doğma yurdlarına ləyaqətli qayıdışını təmin edəcək".
Rəna Həsənova