"Dövlət Turizm Agentliyi tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, konseptual sənədlərin və layihələrin hazırlanması işləri aparılıb. Bu baxımdan 3 əsas istiqamət mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsi üzrə işlər icra olunub". Bunu Dövlət Turizm Agentliyi Faktmedia.az-a açıqlamasında bildirib.
Açıqlamada həmçinin qeyd olunur:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsasında DTA-nın “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Fəaliyyət Planı” mövcuddur ki, bu plana əsasən Suqovuşan, Xocavənd (Tuğ və Hadrut), Kəlbəcər, Daşaltı, Ağdamda Şahbulaq və digər ərazilərin turizm inkişaf konsepsiyaları hazırlanıb.
Prezident İlham Əliyevin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində “Suqovuşan Turizmin İnkişafı Konsepsiyası” əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Eyni zamanda, Hadrut, Tuğ və Daşaltıda turizm konsepsiyalarına uyğun olaraq turizm infrastrukturunun qurulması üçün layihələndirmə işləri aparılır".
Havar Şəfiyeva